...

Azərbaycanın müxalif partiyası seçkidə iştirak qərarı verəcək

Siyasət Materials 5 Avqust 2008 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 avqust / Tr end News , müxbir E.Babayev/ Solçu Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) seçkidə iştirak qərarı verəcək. "Bizim partiyanın sonuncu qurultayında qərar qəbul olunub ki, ASDP bütün seçkilərdə iştirak etsin. Nə Araz Əlizadə, nə Ayaz Mütəllibov bu qərarı dəyişə bilməz", çərşənbə axşamı Trend -a ASDP həmsədri Araz Əlizadə bildirib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. ASDP-nin Rusiyada mühacir həyatı yaşayan digər həmsədri Ayaz Mütəllibov prezident seçkisində iştirak etməyəcəyini bildirib. O qeyd edib ki, ASDP-nin seçkilərə başqa bir namizədlə qoşulması bilavasitə partiya üzvlərinin hakimiyyətin onun ünvanına səsləndirdiyi ittihamlarla razılaşması deməkdir.

Əlizadə isə vurğulayıb ki, Mütəllibovun fikirləri düzgün başa düşülməyib və təhrif olunub. Mütəllibov seçkidə iştirak etməyəcəyini bildirib. Onun sözlərinə görə, Mütəllibovun hüquqları pozulub, onun ölkəyə dönməsinə, seçkidə iştirakına imkan verilmir. "Ancaq bizim partiyanın bütün seçkilərdə iştirak qərarı var. Hamımız ASDP-nin bütün seçkilərdə iştirak qərarına hörmətlə yanaşmalıyıq", - deyən Əlizadə bildirib ki, əgər ASDP seçkidə öz namizədi ilə çıxış etsə, Mütəllibov da yəqin ki, bu qərara normal yanaşacaq. "Gələn həftənin bazar ertəsi ASDP-nin Mərkəzi Plenumunun iclası olacaq. İclasda partiyanın seçkilərdə iştirakı ilə bağlı son qərarı müəyyənləşəcək", - deyə o əlavə edib.

ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın həmsədri Əlizadə, digər həmsədri isə Azərbaycanın eks-prezidenti, hazırda mühacirətdə yaşayan Mütəllibovdur.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra Mütəllibov ilk prezident seçilib. 1992-ci ildə Xalq Cəbhəsi Hərəkatının hakimiyyətə gəlişindən sonra ölkəni tərk edib, o vaxtdan indiyədək Rusiyada mühacirətdə yaşayır.

Eks-prezident Azərbaycanın Baş Prokurorluğunun ittihamı əsasında beynəlxalq axtarışa verilib. Mütəllibov dövlət çevrilişinə cəhd, qanunsuz silahlı dəstələrin yaradılması, zorla hakimiyyəti ələ almaq və digər ağır cinayətlər törətməkdə günahkar bilinir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti