...

Azərbaycanda seçkiləri boykot edən partiyanın keçmiş Ali Məclis sədri prezidentliyə namizədliyini rəsmən irəli sürüb

Siyasət Materials 11 Avqust 2008 10:59 (UTC +04:00)
Azərbaycanda seçkiləri boykot edən partiyanın keçmiş Ali Məclis sədri prezidentliyə namizədliyini rəsmən irəli sürüb

Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir E.Babayev/ Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyli prezidentliyə namizədliyini rəsmən irəli sürüb. "Artıq mən seçkidə iştirak etmək barədə yekun qərar vermişəm və bu gün sənədlərimi Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyəm", bazar ertəsi Trend -a Əlibəyli bildirib.

Müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

Əlibəyli AXCP-də rəhbər vəzifələrdə çalışıb və Kərimlinin yaxın tərəfdarı kimi tanınıb. O, 2000-2005-ci illərdə millət vəkili olub və Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olub. Ötən həftənin cümə günü Əlibəyli partiyadan istefa verib. O, istefasının səbəblərinə geniş şərh vermək niyyətində olmadığını açıqlayıb və müstəqil şəkildə siyasi fəaliyyət göstərəcəyini bildirib.

Əlibəyli bildirib ki, seçkidə sona qədər iştirak edəcək. O, özü ilə həmfikir olan şəxslərlə məsləhətləşmələr apardığını və seçkidə onların yardımından yararlanacağını bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. İndiyə qədər qarşıdan gələn prezident seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 11 nəfər müraciət edib. Siyasi təşkilatlardan hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin, Ümid Partiyasının sədri İqbal Ağazadənin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevin, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin sənədləri MSK-ya təqdim edilib. Bundan başqa, Yaşar Əhmədovun (işsiz), Əlimuxtar Əkbərovun (təqaüdçü), Sevinc Quliyevanın (Sumqayıt Mərkəzi Klinik Xəstəxanasında sanitar), Vüqar Seyidovun (həkim), Qüdrət İsaqovun (AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi) prezidentliyə namizədliykləri MSK tərəifndən təsdiq edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti