...

Azərbaycanın Rusiya ilə sərhəddə "Meşə qardaşları" təşkilatının axtarışda olan üzvlərinin tutulması üçün yenidən əməliyyatlara başlanılıb

Siyasət Materials 5 Sentyabr 2008 13:25 (UTC +04:00)
Azərbaycanın Rusiya ilə sərhəddə "Meşə qardaşları" təşkilatının axtarışda olan üzvlərinin tutulması üçün yenidən əməliyyatlara başlanılıb

Azərbaycan, Şəki, 05 sentyabr / Trend , müxbir E.Quliyev/ Azərbaycanın şimal-qərb regionunda, Rusiya ilə sərhəddə yerləşən Zaqatala, Balakən ərazisində Daxili Qoşun hissələri "Meşə qardaşları" təşkilatının axtarışda olan üzvlərinin tutulması üçün əməliyyata başlayıb.

Trend -un bölgə müxbirinin yerli sakinlərə istinadən verdiyi məlumata görə, əməliyyat bu gün səhər saatlarında başlayıb.

Bir neçə gün öncə Daxili Qoşunlar Qusar rayonu ərazisində qanunsuz fəaliyyət göstərən "Meşə qardaşları" təşkilatının üzvlərinin zərərsizləşdirilməsi üçün əməliyyat keçirib.

Əməliyyat zamanı Daxili Qoşunlarla dəstə üzvləri arasında silahlı insident baş verib və Daxili Qoşunların əsgəri Əli Yolcuyev həlak olub.

Milli Təhlükəsizlik Nazirliyinin rəsmi məlumatına görə, İlqar Mollaçiyev və Samir Mehdiyev "Meşə qardaşları" adlı silahlı birləşmənin fəaliyyətini bərpa etməyi, respublikanın şimal rayonlarında qanunsuz hərbi birləşmələr yaratmağı və ümumən Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş terrorçuluq əməlləri törətməyi planlaşdırıblar. MTN tərəfindən bu cinayətkar niyyətlərin qabaqlanması üçün xüsusi əməliyyat hazırlanaraq həyata keçirilib. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində 13 nəfər yaxalanaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub və barələrində həbs-qətimkan tədbiri seçilib.

Avqustun 17-də Bakıda Əbu Bəkr məscidində baş verən partlayışın da "Meşə qardaşları" tərəfindən törədildiyi məlum olub.

Hadisə zamanı 2 nəfər həlak olub, 18 nəfər xəsarət alıb.

MTN tərəfindən keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, cinayətdə şübhəli bilinən şəxslər, əslən Zaqatala rayonundan olan, Şimali Qafqazdakı qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən və özünü "Dağıstan camaatı"nın əmiri elan edən "Əbdülməcid" ləqəbli İlqar Mollaçiyev, onun qaynı "Süleyman" ləqəbli Samir Mehdiyev və onlarla cinayət əlaqəsində olan radikal dini təmayüllü digər şəxslərdir.

2007-ci ildə MTN tərəfindən "Meşə qardaşları" adlı silahlı birləşmə zərərsizləşdirilib, onun 17 nəfər üzvü, o cümlədən liderlərindən biri - "Əbu Cəfər" ləqəbli Naif Abdulkərim Əl-Bedevi həbs edilərək məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Həmin silahlı birləşməyə başcılıq edənlərdən biri İlqar Mollaçiyev, onun qaynı Samir Mehdiyev və qeyriləri barəsində isə cinayət təqibi davam etdirilir.

Daxili Qoşunların mətbuat xidmətindən Zaqatala və Balakən ərazisində əməliyyat keçirilməsi barədə məlumat təsdiqlənməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti