...

Azərbaycanın hüquq-mühafizə orqanları İlqar Mollaçiyevin tutulması ilə bağlı keçirilən əməliyyatda iştirak etməyib

Siyasət Materials 8 Sentyabr 2008 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ Dağıstanda "Meşə qardaşları"  təşkilatının axtarışda olan rəhbəri İlqar Mollaçiyevin tutulması ilə bağlı keçirilən əməliyyatda Azərbaycanın hüquq-mühafizə orqanları iştirak etməyib. Bunu bazar ertəsi Trend -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan bölməsinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı "Dağıstan əmiri" adlandıran, "Meşə qardaşları" terror təşkilatının lideri Mollaçiyev öldürülüb.

Onun avtomobili Dağıstanın Məhərrəmkənd rayonu ərazisində saxlanıb, silahlı müqavimət göstərən Mollaçiyev yerindəcə zərərsizləşdirilib.

Zahidov deyib ki, Mollaçiyev Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən də axtarışda olub. "Əməliyyatı Rusiya hüquq-mühafizə orqanları keçirib və bu əməliyyatın Azərbaycanla heç bir bağlılığı yoxdur", - Zahidov vurğulayıb.

Avqustun 25-də hüquq-mühafizə orqanlarına Mollaçiyevin başçılıq etdiyi 4 nəfərdən ibarət silahlı dəstənin qanunsuz yolla Azərbaycana keçdiyi barədə məlumat daxil olub. Məlumatdan sonra Daxili Qoşunlar və Sərhəd Qoşunlarının bölmələri və MTN qanunsuz fəaliyyət göstərən "Meşə qardaşları" təşkilatının üzvlərinin zərərsizləşdirilməsi üçün birgə əməliyyat keçirib.

Əməliyyat zamanı Daxili Qoşunlarla dəstə üzvləri arasında silahlı insident baş verib və Daxili Qoşunların əsgəri Əli Yolcuyev həlak olub.

Milli Təhlükəsizlik Nazirliyinin rəsmi məlumatına görə, Mollaçiyev və Samir Mehdiyev "Meşə qardaşları" adlı silahlı birləşmənin fəaliyyətini bərpa etməyi, respublikanın şimal rayonlarında qanunsuz hərbi birləşmələr yaratmağı və ümumən Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş terrorçuluq əməlləri törətməyi planlaşdırıblar. MTN tərəfindən bu cinayətkar niyyətlərin qabaqlanması üçün xüsusi əməliyyat hazırlanaraq həyata keçirilib. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində 13 nəfər yaxalanaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub və barələrində həbs-qətimkan tədbiri seçilib.

Avqustun 17-də Bakıda Əbu Bəkr məscidində partlayışın da "Meşə qardaşları" tərəfindən törədildiyi məlum olub.

Hadisə zamanı 2 nəfər həlak olub, 18 nəfər xəsarət alıb.

MTN tərəfindən keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, cinayətdə şübhəli bilinən şəxslər, əslən Zaqatala rayonundan olan, Şimali Qafqazdakı qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edib, özünü "Dağıstan camaatı"nın əmiri elan edən "Əbdülməcid" ləqəbli Mollaçiyev, onun qaynı "Süleyman" ləqəbli Mehdiyev və onlarla cinayət əlaqəsində olan radikal dini təmayüllü digər şəxslərdir. Mollaçiyevin rəhbərlik etdiyi qruplaşma Dağıstan və Azərbaycan ərazisində bir sıra terror aktları törədib.

2007-ci ildə MTN tərəfindən "Meşə qardaşları" adlı silahlı birləşmə zərərsizləşdirilib, onun 17 nəfər üzvü, o cümlədən liderlərindən biri - "Əbu Cəfər" ləqəbli Naif Abdulkərim Əl-Bedevi həbs edilərək məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. MTN həmin silahlı birləşməyə başcılıq edənlərdən biri Mollaçiyev, onun qaynı Mehdiyev və qeyriləri barəsində isə cinayət təqibini davam etdirirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti