Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Milii Təhlükəsizlik Nazirliyinin "Qartal" Xüsusi Təyinatlı dəstəsi tərəfindən Qusarda keçirilən antiterror əməliyyatı zamanı qanunsuz fəaliyyət göstərən "Meşə qardaşları" təşkilatının üzvləri zərərsizləşdirilib.
MTN və Baş Prokurorluğun bazar ertəsi birgə yaydığı məlumatda bildirilir ki, sentyabrın 6 - da həmin dəstənin fəal üzvlərindən biri -Telman Abdullayevin Qusar rayonunun Avaran və Xurel kəndləri arasındakı meşə massivində olması barədə məlumat əldə edilib.
Şübhəli şəxslərin Qusar şəhərində Rasim Əsədullayevə məxsus evdə gizləndikləri müəyyən edilib.
Əməliyyat zamanı evdə gizlənmiş və təslim olmaq əmrinə tabe olmayan şəxslər tərəfindən xüsusi təyinatlılara əl qumbarası atılıb və avtomat silahlardan atəşlər açılıb.
Silahlı müqavimətin qarşısı alınarkən Qusar şəhər sakinləri - Telman Abdullayev və Gürşad Əlixanov öldürülüb, Ramil Əsədullayev yaralanıb.
O, rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda keçinib.
Hadisə yerindən külli miqdarda silah-sursat götürülüb.
Eyni zamanda, hadisə yerindən götürülmüş "AKS-74" markalı avtomat silahın 2008 - ci il avqustun 29- da Qusar rayonunun Həzrə kəndi yaxınlığında həyata keçirilən əməliyyat zamanı DİN Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsinin həlak olmuş çavuşu Əli Yolçuyevə məxsus olduğu məlum olub.
Tədbir zamanı zərərsizləşdirilmiş şəxslərdən götürülən silahların arasındakı "PM" markalı tapançadan, Telman Abdullayev tərəfindən istifadə edilməklə, 2007-ci il sentyabrın 26 - da iki polis işçisinə güllə yarası yetirilməsi və 2008 - ci il avqustun 29 - da isə, DİN Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsinin çavuşunun öldürüməsi müəyyən edilib.
Telman Abdullayev hələ 2007- ci il sentyabrın 26 - da "Meşə qardaşları" adlanan cinayətkar birlşəmənin zərərsizləşdirilməsi üzrə hüquq - mühafizə orqanlarının Qusar rayonu ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı iki polis işçisini yaralayaraq, hadisə yerindən qaçmağa müvəffəq olub.
Faktla bağlı Qusar rayon prokurorluğu tərəfindən həmin tarixdə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə başlanan cinayət işi üzrə Telman Abdullayev barəsində, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərar çıxarılmış, lakin qaçıb gizləndiyi yer məlum olmağından, onun tutulması üçün axtarış elan edilmişdi.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]