...

Azərbaycanın müxalifət partiyasının sədri bəzi müxalifət partiyalarının birgə bəyanatını perspektivsiz sənəd adlandırıb

Siyasət Materials 10 Sentyabr 2008 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın müxalif Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev birgə bəyanat imzalamış siyasi təşkilatların səmimi əməkdaşlığına inanmadığını bildirib. "Bir sıra bu cür sazişlər imzalanıb, bu saziş də növbəti heç bir perspektivi olmayan sazişdir", - deyə Həsənquliyev çərşənbə günü jurnalistələrə bildirib.

Trend -un arayışı: Ötən həftə "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf Partiyası və Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum oktyabrın 15-də keçiriləcək prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.

Həsənquliyevin sözlərinə görə, həmin sənədı imzalayan siyasi təşkilatların ətrafında əvvəllər müəyyən qrup insanlar qalmışdısa, indi onlar da yoxdur. "Jurnalistlər tədqiqat aparsa, məlum olar ki, indi Əli Kərimlinin ətrafında heç kəs qalmayıb. Kərimli artıq partiyasının Rəyasət Heyətinin kvorumunu formalaşdıra bilmir. Ali Məclisin sədri Qulamhüseyn Əlibəyli bəyanat verib partiyanı tərk edəndən sonra Kərimlinin yanında yalnız müavinləri Həsən Kərimov və Fuad Mustafayev qalıb. Hər hansı bir siyasi təşkilat onları öz sıralarına qəbul etmək istəsə, onlar da partiyanı tərk edərlər", - deyə o bildirib.

BAXCP sədri deyib ki, xaricdən QHT-lər vasitəsilə bəzi müxalifət partiyalarına nə maliyyə, nə siyasi dəstək verilir. "Birgə bəyanat imzalamış partiyaların sədrləri tam tükənmiş insanlardır", - deyə Həsənquliyev bildirib.

Onun sözlərinə görə, BAXCP hələ 2000-ci ildə Azərbaycanın yeni müxalif qüvvələrə ehtiyacı olduğunu bildirmişdi. "Partiya bu qüvvələrin yaradılması bu prosesinə başlayanda, bir çox siyasi partiyalar, siyasətə aidiyyatı olmayan QHT-lər, KİV-lər tərəfindən anti-təbliğat kampaniyası ilə üzləşmişdi", - deyə Həsənquliyev bildirib.

Trend -un arayışı: Həsənquliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup üzvü 2002-ci ildə partiyadan ayrılaraq, özlərinin "birləşdirici" qurultayını keçiriblər və 2004-cü ilə qədər AXCP-nin "birləşdirici" qanadı kimi tanınıblar. 2004-cü ildə qurumun adında dəyişiklik edilib və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. 2005-ci ildə dövlət qeydiyyatına alınan BAXCP özünü iqtidara qarşı konstruktiv müxalifətçi hesab edir. Həsənquliyev Milli Məclisin deputatıdır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti