Rusiya, Moskva, 12 sentyabr / Trend , müxbir R.Ağayev/ Abxaziya və Cənubi Osetiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olması üçün təşkilatın bütün üzvləri tərəfindən tanınması lazımdır. Bu barədə cümə günü KTMT-nin Baş katibi Nikolay Bordyuja bildirib.
"Bu dövlətlərin KTMT-yə qəbulu proseduruna başlamazdan əvvəl, biz onlardan ərizə almalıyıq, ən əsası isə elə etməliyik ki, Cənubi Osetiya və Abxaziya təşkilata daxil olan bütün ölkələr tərəfindən tanınsın", - deyə Bordyuja bildirib.
Onun sözlərinə görə, Cənubi Osetiya və Abxaziydan hələ ki, ərizə daxil olmayıb.
Rusiya birtərəfli qaydada Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb.