...

Azərbaycanın prokurorluq orqanlarına işə qəbulla bağlı andiçmə mərasimi keçiriləcək

Siyasət Materials 2 Oktyabr 2008 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr /Trend News, K.Zərbalıyeva/ Azərbaycan prokurorluq orqanlarının yaranmasının 90-cı ildönümü münasibətilə bu gün keçiriləcək kollegiya iclasında prokurorluq orqanlarına işə qəbulla bağlı keçirilmiş son müsabiqədə işə qəbul edilmiş 79 nəfər and içəcək, cümə axşamı jurnalistlərə baş prokuror Zakir Qaralov məlumat verib.

Prezident Heydər Əliyev hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalayıb.

Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanları fəaliyyətə başlayıb. 1918-ci il noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiq edilib.

Azərbaycan prezidenti İlham Əliyev prokurorluq orqanlarının yaranmasının 90-cı ildönümü münasibətilə bir neçə gün öncə "Azərbaycan prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün" Dövlət Proqramını təsdiqləyib və prokurorluq orqanlarının bir qrup əməkdaşının fəxri adlar və hərbi rütbələrlə təltif olunması haqqında sərəncam imzalayıb.

Dövlət Proqramı ilə prokurorluq orqanlarının tam yenidən müasirləşdirilməsinin müəyyən olunduğunu deyən baş prokuror Qaralov bildirib ki, həmin proqramla prokurorluq orqanlarının yeni nəsil prokurorluq əməkdaşlarından formalaşdırılması vəzifə kimi qarşıya qoyulub.

Bayram münasibətilə cümə axşamı Baş Prokurorluqda geniş kollegiya iclası keçiriləcək.

Qaralov bildirib ki, 2002-ci ildən başlayaraq prokurorluq orqanlarına 293 nəfər gənc hüquqşünas işə qəbul olunub. "Bu isə prokurorluq əməkdaşlarının 30 faizindən çoxunu təşkil edir", - deyə baş prokuror bildirib.

Qaralovun sözlərinə görə, təsdiq olunmuş Dövlət Proqramında hüquq-mühafizə orqanları arasında əlaqələrin təkmilləşdirilməsi, yeni informasiya-kommunikasiya şəbəkəsinin yaradılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, dövlət ittihamının müdafiəsi idarəsinin işinin təkmilləşdirilməsi və digər tədbirlər nəzərdə tutulub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti