...

Azərbaycanın Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyəti Brüsseldə müzakirə olunacaq - nazir müavini

Siyasət Materials 4 Oktyabr 2008 12:20 (UTC +04:00)

Azərbayan, Bakı, 04 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa İttifaqı qarşısında öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyəti Brüsseldə müzakirə olunacaq.

"Avropa İttifaqı-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin Brüsseldə keçiriləcək iclasında eyni zamanda, insan hüquqları, prezident seçkisi öncəsi vəziyyət, mətbuat azadlığının təmin edilməsi, təhlükəsizlik, iqtisadi və enerji təhlükəsizliyi məsələləri müzakirə olunacaq", - şəndə günü Trend -a Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Trend -un arayışı: Oktyabrın 6-7-də Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan parlamenti arasında əməkdaşlıq komitəsinin doqquzuncu iclası keçiriləcək. İclasda parlamentin vitse-spikeri Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə deputatlar Gülər Əhmədova, Jalə Əliyeva, Çingiz Əsədullayev, Fuad Muradov, Nizami İsgəndərov və katibliyin əməkdaşı Vəfa Əfəndiyeva daxildir. İclasda Azərbaycan hökumətinin nümayəndə heyəti - xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova iştirak edəcək.

Nazir müavini qeyd edib ki, komitənin iclasında həmçinin, Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələr təhlil olunacaq, əməkdaşlıq və tərəfdaşlıq sazişi, "Yeni qonşuluq siyasəti çərçivəsində" qəbul olunan Fəaliyyət Planı, enerji sahəsində əməkdaşlıqla bağlı Memorandumun icra vəziyyəti müzakirə olunacaq.

Rəsmi Bakının öhdəlikləri hansı səviyyədə yerinə yetirməsinə gəlincə, Məmmədquliyev bildirib ki, yalnız Azərbaycan öz üzərinə öhdəlik götürməyib. Onun fikrincə, Fəaliyyət Planında həm Azərbaycan, həm də Avropa İttifaqı qarşılıqlı olaraq öz üzərinə öhdəliklər götürüb.

"Hər iki tərəf bu öhdəliklərin həyata keçirilməsi sahəsində çalışmalıdır. Əgər hesab olunursa ki, bir tərəf öz üzərinə öhdəliklər götürüb və o biri tərəf yalnız buna nəzarət etməli və monitorinqlər keçirməlidir, belə bir yanaşma düzgün deyil. Bu, ikitərəfli əməkdaşlıqdır və sənədlərdə də belə göstərilib. Ona görə də həm Azərbaycan, həm də Avropa İttifaqı və Avropa Komissiyası öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir", - Məmmədquliyev əlavə edib.

Nazir müavini vurğulayıb ki, imzalanan sənədlərin icrası prosesi davam edir. "Fəaliyyət Planının icrasının ikinci ili tamam olur. Azərbaycan və Avropa İttifaqı bu ilin nəticələri ilə bağlı öz hesabatlarını təqdim edəcək", - Məmmədquliyev bildirib.

Onun fikrincə, rəsmi Bakı öz öhdəliklərini yerinə yetirir. Nazir müavini xatırladıb ki, Fəaliyyət Planı beş il ərzində həyata keçirilməlidir. Ona görə də bu gün bütün öhdəliklərin yerinə yetirildiyini demək mümkün deyil.

"Əminəm ki, beş il müddətində bu öhdəlikləri yerinə yetirmək mümkün olacaq. Ola bilər ki, Azərbaycan bu gün hansısa öhdəlikləri yerinə yetirməyib. Lakin bu o demək deyil ki, həmin öhdəliklər həyata keçirilməyəcək. Əsas məsələ beş il başa çatana qədər nəzərdə tutulan bütün tədbirləri həyata keçirmək və müəyyənləşdirilən hədəflərə nail olmaqdır", - nazir müavini qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti