Azərbaycan, Bakı, 08 oktaybr / Trend , müxbir C.Babayeva/ Azərbaycan prezidentliyinə namizəd, müxalif Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda seçkiqabağı vəziyyətə dair son hesabatını olduqca savadsız hesabat adlandırıb.
"Hesabat seçki texnologiyasını dərindən bilməyən təşkilat tərəfindən hazırlanıb. Təşkilat prezidentliyə namizədlərin platformalarını təhlil etmədən onlar arasında fərqlərin olmadığı fikrinə gəlibsə, bu, qurumun özündə cilddi intellektual problemin olduğunu sübut edir", - deyə Qəzənfəroğlu çərşənbə günü Trend -a bildirib.
Trend -un arayışı: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda seçkiqabağı vəziyyətə dair son hesabatında ölkədə sakitliyin hökm sürdüyü əks olunub və bildirilib ki, prezidentliyə namizədlərin seçki platformaları ciddi fərqlənmir.
Qəzənfəroğlu builki prezident seçkisini cəmiyyətin həyatında münasibətlərin dəyişməsinə təkan verəcək birinci seçki kimi qiymətləndirir.
"Bundan əvvəlki seçkilər barışmaz, hakimiyyətin dəyişməsi və hakimiyyətlə düşmənçilik münasibətlərinin qabardığı seçkilər olub. Builki seçki isə daha çox ölkə problemlərinin müzakirə olunduğu, onun həlli yollarının göstərildiyi yeganə seçkidir", - deyə o bildirib.
Onun sözlərinə görə, builki seçki prezidentliyə namizədlərin ölkədə mövcud problemlərin həlli ilə bağlı konkret təklifləri üzərində qurulub.
"Seçkidə iqtidar dəyişikliyinə nail olunmasa belə, Azərbaycan cəmiyyətinin həyatında münasibətlərin dəyişməsinə təkan olacaq", - deyə Qəzənfəroğlu əlavə edib.
Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]