Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir A.Hüseynbala / Azərbaycanda prezidentliyə namizədlər, müxalifyönlü Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Qəzənfəroğlu və Liberal Demokrat Partiyasının (LDP) sədri Fuad Əliyev Nardaran qəsəbə sakinləri ilə görüşüblər.
Trend -un məlumatına görə, qəsəbə sakinlərinin təşəbbüsü ilə keçirilən görüşə prezidentliyə daha iki namizəd - Ümid Partiyasının sədri İqbal Ağazadə və "Müasir Müsavat" Partiyasını sədri Hafiz Hacıyev dəvət olunsalar da, onlar görüşə getməyiblər.
Trend -un arayışı : Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
Nardaranlıların prezidentliyə namizədlərlə görüşməkdə əsas məqsədləri onları öz problemləri ilə tanış etmək, xüsusilə də ABŞ - ın Azərbaycandakı keçmiş səfiri Stenli Eskuderonun qəsəbədə torpaq alması ilə bağlı yaranmış qalmaqal ətrafında məlumatlandırmaq olub.
Nardaran camaatının təmsilçisi Rasim Əlizadə qeyd edib ki, yerli əhali yetkinlik və ailə qurmaq yaşına çatan övladlarını yerbəyer etmək üçün torpaq sahəsi tapmadıqları halda, Eçkudero qəsəbənin 30 hektar ərazisini zəbt edib.
"Məhkəmələrə müraciət etsək də, iddialarımız təmin olunmayıb. Ona görə prezidentliyə namizədlərdən problemin həllində kömək istəyirik" - Əlizadə bildirib.
Prezidentliyə namizəd Qəzənfəroğlu nardaranlıları problemi siyasiləşdirməməyə və hüquqi müstəvidə həll etməyə çağırıb: "Azərbaycan məhkəmələrində nə qədər biabırçı vəziyyət olsa da, bu problem yalnız hüquqi yolla həllini tapmalıdır. Ölkədə mülkiyyət toxunulmazlığı son dərəcə dözülməz həddə çatıb", - BQP başqanı deyib.
Qəzənfəroğlu prezident seçilərsə, mülkiyyət toxunulmazlığına və halal cəmiyyyət prinsipinə əsaslanacağına vəd verərək, hökuməti də bu prinsipləri bərqərar etməyə çağırıb.
LDP sədri isə, çıxışında problemin həllində Nardaran camaatına dəstək olduğunu bildirib: "Prezident seçilərəmsə, Eskuderonun qanuniləşdirdiyi torpağın sənədlərini ləğv etdirəcəyəm", - Əliyev vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]