Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) qeydə alınan yerli müşahidəçilərin yekun sayını açıqlayıb.
"Azərbaycanda keçiriləcək prezident seçkisini izləmək üçün 40 mindən artıq yerli müşahidəçi qeydə alınıb", cümə axşamı jurnalistlərə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
Müşahidəçilərin qeydə alınması müddəti başa çatıb.
Pənahov deyib ki, yerli müşahidəçilərdən 19 752-si siyasi partiyalar tərəfindəndir, 12 525-i qeyri-hökumət təşkilatlarının nümayəndələridir. 4078-i isə öz təşəbbüsü ilə qeydə alınan müşahidəçilərdir.
Qeydə alınan yerli müşahidəçilərin 2 600-dən çoxu MSK-dan, 36 355-i isə dairə seçki komissiyaları (DSK) tərəfindən qeydə alınıb.
MSK sədri bildirib ki, xarici dövlətlərdə olan 33 məntəqədəki səsvermə prosesi Azərbaycandakı 4 DSK-lara birləşdiriləcək (29 saylı Səbail, 15, 16, 17 saylı Yasamal).
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]