...

Milli Təhlükəsizlik Nazirliyi İrandan Azərbaycana narkotika keçirən dəstəni zərərsizləşdirib

Siyasət Materials 14 Oktyabr 2008 18:25 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyi İrandan Azərbaycana narkotika keçirən dəstəni zərərsizləşdirib

Azərbaycan, Bakı, 14 oktyabr / müxbir K. Zərbalıyeva/ Milli Təhlükəsizlik Nazirliyi İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 40 kiloqram narkotika keçirən dəstəni zərərsizləşdirib.

Bu barədə Trend -a MTN -in İctimai Əlaqələr Mərkəzindən məlumat verilib.

Məlumata görə, Astara rayon sakinləri - Telman İmanov, İntizar Həmdəmov, Lənkəran rayonu Liman şəhər sakini Adil Yusubov, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq, satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədi gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətiriblər.

Əvvəlcədən əldə olunmuş razılığa əsasən, bu il oktyabrın 9-da həmin İran vətəndaşları qaçaqmalçılıq yolu ilə gətirdikləri narkotikləri İntizar Həmdəmova təhvil verib və o, narkotik vasitələri Astara şəhərinin yaxınlığındakı Maşxan kəndində gizlədib. Bundan sonra İntizar Həmdəmov Astara şəhərində Telman İmanov ilə görüşüb və sonuncunun idarə etdiyi "Mersedes -Benz" markalı avtomobillə Maşxan kəndinə gələrək, burada gizlətdiyi həmin narkotikləri Telman İmanovun avtomobilinə qoyub oradan uzaqlaşıb. Telman İmanov da həmin narkotikləri Lənkəran şəhərinə gətirib, onu burada gözləyən Liman şəhər sakini Adil Yusubova satıb və bunun müqabilində sonuncudan təxminən 42 min ABŞ dolları məbləğində pul alıb. Telman İmanov Adil Yusubovdan aldığı 42 min ABŞ dollarını, onu Astara rayonunun ərazisində gözləyən İntizar Həmdəmova çatdırıb. Həmdəmov həmin puldan 37 min ABŞ dollarını özünə götürüb, qalan 5 min ABŞ dollarını isə Telman İmanova verib.

Oktyabrın 10 - da Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində, Adil Yusubov saxlanılıb, onun avtomobilinin yük yerinə baxış zamanı 40 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə Astara rayonunun ərazisində cinayətkar qrupun digər üzvləri - Telman İmanov, daha sonra İntizar Həmdəmov saxlanılıb. Telman İmanovun üzərindən 5 min, İntizar Həmdəmovun idarə etdiyi "UAZ" markalı avtomobilə baxış zamanı isə 37 min 100 ABŞ dolları aşkar edilərək götürülüb. Faktla bağlı MTN-in İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanıb. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti