...

ABŞ-dakı prezident seçkiləri PKK-nın sonunu yaxınlaşdıra bilər

Siyasət Materials 16 Oktyabr 2008 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr/ Trend , müxbir B.Həsənov, E.Tarıverdiyeva/ ABŞ-dakı prezident seçkilərindən sonra İraqın şimalında möhkəmlənmiş PKK terror təşkilatının fəaliyyətinə son qoymaq üçün Vaşinqton Türkiyəyə daha əlverişli imkanlar yarada bilər.

"ABŞ-dakı siyasi dəyişiklik Ankaranın İraqın Şimalında möhkəmlənmiş PKK-nın fəaliyyətinə son qoyması üçün əlverişli şərait yarada bilər", - deyə James Ker-Lindsay (Senior Research Fellow of Hellenic Observatory, European Institute London School of Economics and Political Science) cümə axşamı Trend -a bildirib.

İraqın kürd administrasiyası ABŞ-dakı prezident seçkilərində Demokratların qalib gələcəyi təqdirdə Türkiyənin PKK məsələsində təzyiqlərini daha da artıracağından ehtiyat edir. Bu haqda Türkiyənin "Milliyət" qəzeti oktyabrın 15-i məlumat verib.

Şimali İraq və Cənub-Şərqi Türkiyə ərazisində yaşayan kürdlər arasında 1980-ci ildən etibarən başlayan separatçı meyllərə Səddam Hüseyn rejimi tərəfindən sərt şəkildə təzyiqlər göstərildi.

Səddam rejiminin 1988-ci ilin martın16-da keçirdiyi etnik təmizləmə nəticəsində kürdlərin kompakt yaşadığı Hələbçədə beş mindən artıq dinc sakin kimyəvi bombalarla qətlə yetirildi.

PKK terror təşkilatı 1980-ci illərdən başlayaraq Türkiyə ərazisində hərbçilərə və dinc əhaliyə qarşı terror aksiyaları həyata keçirir.

Səddam rejimi dövründə ciddi siyasi maneələrlə üzləşmədən şimali İraq ərazisindəki PKK terrorçularına qarşı hərbi əməliyyatlar keçirən Türkiyə 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsindən sonra böyük problemlərlə rastlaşıb.

Səddam rejiminin devrilməsində Amerikaya ciddi dəstək verən İraq kürdləri bu ölkənin işğalından sonra buradakı siyasi mövqelərini möhkəmləndirmək üçün böyük imkanlar əldə etdilər. Kürdlər İraqın şimalında Məsud Bərzaninin rəhbərliyi ilə regional kürd administrasiyası yaratmaqla bərabər mərkəzi İraq hökumətində də əhəmiyyətli mövqelər tutdular. Bu mənada kürd əsilli Cəlal Təlabaninin İraq hökumətinin prezidenti seçilməsi kürdlər üçün ən ciddi uğurlardan biri oldu. Bütün bunlar Türkiyənin PKK əleyhinə keçirdiyi hərbi əməliyyatlarda həm İraqda, həm də ABŞ-da ciddi siyasi maneələrlə qarşılaşmasına səbəb oldu. Türkiyənin PKK ilə mübarizədə qətiyyət göstərməsi ona məhdud çərçivədə ABŞ-ın dəstəyini qazandırsa da, İraqın şimalına quru qoşunların müdaxiləsinə ABŞ tərəfindən ciddi əngəllər törədilir. Eyni zamanda, kürd administrasiyası da Türkiyənin şimali İraq ərazisinə hərbi müdaxiləsinin əleyhinə olduğunu dəfələrlə bəyan edib. Lakin son zamanlarda kürd liderlərinin PKK terrorunu pisləyən bəyanatlarla daha çox çıxış etdikləri müşahidə olunur.

İraqdakı Kərkük Strateji Araşdırmalar Mərkəzinin direktoru Əhməd Taqi kürd liderlərində müşahidə olunan PKK əleyhdarlığının ABŞ-dakı prezident seçkilərindən sonra Vaşinqtonda da güclənəcəyini hesab edir.

"İraqda kürd administrasiyası ilə radikal milliyyətçi kürdlər arasında siyasi ziddiyyətlər güclənir. Ona görə də məncə, ABŞ-dakı prezident seçkilərindən sonra Vaşinqtonun siyasətində dəyişikliklər olacaq və bu, PKK-nın rolunun və imkanlarının azalması ilə nəticələnəcək", - deyə Taqi cümə axşamı Trend -a bildirib.

Ekspert hesab edir ki, ABŞ PKK ilə mübarizə aparmaq üçün kürd administarsiyasına dəstək verəcək. Bu dəstək kürd administrasiyanın PKK-ya qarşı mübarizədə hətta Türkiyəyə də kömək göstərməsini təmin edəcək.

Türkiyənin xarici siyasət məsələləri üzrə ekspert Soner Çağaptay da Amerikadakı prezident seçkilərindən sonra PKK ilə mübarizədə Türkiyəyə verilən dəstəyin artıralacağını düşünür.

O hesab edir ki, prezidentliyə namizəd Con Makkeyn və Barak Obama bu məsələdə fəqli metodlardan istifadə edəcəklər.

"Makkeyn terrorla mübarizədə Türkiyəyə dəstək verməyə davam edəcək. Obama isə hazırkı əməkdaşlığı davam etdirməklə bərabər, məsələnin həllində siyasi vasitələrdən də effektli şəkildə istifadə etməyə çalışacaq", - deyə ekspert cümə axşamı Trend -a bildirib. ABŞ-dakı prezident seçkilərinin Türkiyə ilə şimali İraqdakı kürd administrasiyası arasındakı əlaqələrə ciddi təsir göstərəcəyi gözlənilmir. Bu əlaqələrdə ABŞ-ın mövqeyi əhəmiyyətli rol oynasa da, regional məsələlər daha həlledici amil hesab olunur.

"Şimali İraqın kürd administrasiyası başa düşür ki, Türkiyə əleyhinə yönələn PKK terrorizminin əleyhinə olduğunu göstərməlidir. Türkiyə və İraqın kürd administrasiyası PKK-ya görə münasibətlərini gərginləşdirmək istəmirlər", - deyə amerikalı ekspert Michael Gunter cümə axşamı Trend -a bildirib (Professor of Political Science Tennessee Technological University USA).

Rəsmi Vaşinqton Türkiyənin PKK ilə mübarizəsinə bəzi məqamlarda ciddi köməklər göstərmişdir. 1999-cu ildə PKK lideri Abdulla Öcalanın həbs edilməsində ABŞ kəşfiyyatı həlledici rol oynamışdı. 2003-cü ildə Türkiyə parlamenti ABŞ-ın İraqa hərbi müdaxiləsində Türkiyə ərazisindən istifadə etməsini rədd etdikdən sonra iki ölkə arasında siyasi gərginlik yarandı. Lakin 2007-ci ilin əvvəlindən etibarən ABŞ ilə Türkiyə arasında PKK-ya qarşı birgə mübarizə məsələsində yeni bir mərhələ başladı. Yeni mərhələdə ABŞ PKK haqqındakı kəşfiyyat xəbərlərini Türkiyəyə təqdim etməyi öhdəsinə götürdü.

Eyni zamanda İraqın şimalındakı PKK düşərgələrinə hava zərbələri endirmək üçün Türkiyəyə lazımi şərait yaradıldı.

Lakin ABŞ-ın Ankaraya PKK ilə mübarizədə göstərdiyi dəstək terror təşkilatının təm məhvi üçün yetərli olmadı.

Oktyabrın 3-də Türkiyənin İraqla sərhəd Aktütün məntəqəsində PKK-nın 17 türk əsgərini qətlə yetirməsi bu terror təşkilatının fəaliyyətinə birdəfəlik son qoymaq məsələsini yenidən gündəmə gətirdi.

Türkiyə mətbuatının verdiyi məlumata görə, bu günə qədər PKK-nın keçirdiyi terror aksiyaları nəticəsində 30 min Türkiyə vətəndaşı qətlə yetirilib.

Materialın hazırlanmasında Ü.Sadıqova və V.Javoronkova iştirak edib

Xəbər lenti

Xəbər lenti