Azərbaycan, Bakı, 28 oktyabr/ Trend , müxbir A.Hüseynbala / Azərbaycanda yeni yaranacaq müxalif Aydınlar Partiyası Təşkilat Komitəsinin növbəti iclası keçirilib.
"İclasda yeni partiyanın artıq 20 rayonda yerli şöbəsinin yaradılması haqda məlumat verilib. İndi daha bir neçə rayonda yerli şöbələrin yaradılması prosesi davam edir", - çərşənbə günü Trend - a Təşkilat Komitəsinin üzvü Qadir İbrahimli bildirib.
Trend - un arayışı: Aydınlar Partiyasının yaranması təşəbbüsü ilə, müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa verdikdən sonra, partiyanın Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyli çıxış edib.
Əlibəyli 1992-1993 - cü ildə prezident Elçibəyin müşaviri və parlamentdə rəsmi nümayəndəsi olub. 1995 - ci ildən 2005 - ci ilədək iki dəfə ardıcıl olaraq Milli Məclisin deputatı seçilib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub. O, 1989 - cu ildən AXC-nin üzvü, 1993 - cü ildən AXCP Ali Məclisinin sədri idi.
AXCP - nin Lənkəran, Samux və Qax rayon şöbələrinin sədrləri oktyabrın əvvəllərində istefa verərək, siyasi fəaliyyətlərini Aydınlar Partiyasında davam etdirəcəklərini açıqlayıblar.
İbrahimlinin sözlərinə görə, iclasda təşkilatlanma prosesinin noyabr ayının sonuna qədər başa çatdlırılması qərara alınıb: "Təsis qurultayı dekabr ayının əvvəllərində keçirilə bilər", - Təşkilat Komitəsinin üzvü deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]