...

Azərbaycan paytaxtında Əbu Bəkr məscidində baş vermiş partlayışla bağlı yeni həbslər gözlənilir

Siyasət Materials 11 Dekabr 2008 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir S.Kazımlı/ Azərbaycan paytaxtında məsciddə baş vermiş partlayışla bağlı yeni həbslərin olacağı istisna olunmur

Azərbaycanın paytaxtında yerləşən Əbu Bəkr məməsçidinin fəaliyyətinin bərpası ilə bağlı Nərimanov rayon dindarlarının dini icmasının şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Nərimanov rayon Polis İdarəsinin rəis əvəzi Əkbər İsmayılov cümə axşamı keçirilən prosesdə ifadə verib və bildirib ki, məscidin fəliyyətinin məhdudlaşdırılmasında məqsəd yarana biləcək təhlükənin qarşısını almaqdır.

Trend - un arayışı: Bu il avqustun 17 - də, təqribən saat 20.50 - də Bakının Ülvi Bünyadzadə küçəsində yerləşən və Nərimanov rayon dindarlarının dini icmasının toplaşdığı Əbu Bəkr məscidində naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində, iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli xəsarət yetirilib. Məscidin fəaliyyəti müvəqqəti dayandırılıb, terror aktının törədilməsində təqsirli bilinən Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.

Oktyabrın sonunda Bakının Nərimanov rayon məhkəməsi məscidin fəaliyyətinin bərpa edilməsi barədə qərar çıxarıb, lakin daha sonra bu qərar Əbu Bəkr məscidində təxribat təhlükəsi barədə məlumatlara malik olan rayon Polis İdarəsinin iddiası əsasında dəyişdirilib.

Rəis əvəzi deyib ki, məsciddə baş vermiş partlayışla bağlı istintaq yekunlaşmadan, cinayətkarlar tam zərərsizləşmədən, məhdudiyyətin götürülməsi doğru deyil.

O, cinayətkarların tutulması üçün əməliyyatların davam etdirildiyini və yaxın günlərdə yeni həbslərin olacağını da istisna etməyib.

Prosesdə maraqlı tərəf kimi çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hüquqşünası Yusif Əsgərov da Polis İdarəsinin mövqeyini müdafiə etdiyini deyib.

İcmanın nümayəndəsi, vəkil Cavanşir Süleymanov bildirib ki, qeyri - rəsmi məlumatlara görə, bəzi maraqlı qüvvələr məscidi sökdürüb, yerində bina tikmək istəyir.

Vəkil Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun məhkəməyə şahid qismində çağırılması, məsciddəki partlayışla bağlı sonuncu dəfə həbs olunan 3 nəfər barəsində məhkəməyə məlumat verilməsi, namaz vaxtı azanın səsləndirilməsinə icazə verilməsi, məscidin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı göstərişin məhkəməyə təqdim olunması barədə vəsatət versə də, onlardan yalnız sonuncusunun təmin olunması barədə məhkəmə qərar qəbul edib.

Rəis əvəzi bildirib ki, məscid fəaliyyətini bərpa edəndən sonra, onun ətrafında kameralar quraşdırılacaq, məscidin mühafizəsi üçün xüsusi tədbirlər həyata keçiriləcək.

İsmayılov məscidin ətrafında yaşayan sakinlərin məhkəmədə yenidən dindirilməsi barədə vəsatət verib və vəsatət təmin olunub.

Məhkəmə cavabdeh tərəfə əlavə sübutların təqdim olunması üçün vaxt verib və proses dekabrın 16 - dək təxirə salınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti