...

Azərbaycan parlamentində tikinti sahəsində münasibətləri tənzimləyən Şəhərsalma Məcəlləsi müzakirəyə çıxarılıb

Siyasət Materials 15 Dekabr 2008 12:50 (UTC +04:00)
Azərbaycan parlamentində tikinti sahəsində münasibətləri tənzimləyən Şəhərsalma Məcəlləsi müzakirəyə çıxarılıb

Azərbaycan, Bakı, 15 dekabr / , müxbir İ.Əlizadə/ Azərbaycanda şəhərlərin inkişafı və tikinti sahəsində münasibətləri tənzimləyəcək Şəhərsalma Məcəlləsi hazırlanıb.

"Azərbaycanda bəzi hallarda şəhərsalma, tikinti prosesi normalara və standartlara uyğun aparılmır və standartlara cavab vermir", - Trend - un məlumatına görə, bazar ertəsi parlamentin İqtisadi siyasət məsələləri daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib.

Bu gün parlamentin Huquq siyasəti və dövlət quruculuğu məsələləri, İqtisadi saiyasət və Mədəniyyət məsələləri daimi komissiyalarının bazar ertəsi keçirilən birgə iclasında Şəhərsalma Məcəlləsi müzakirə olunub.

Səmədzadə qeyd edib ki, Məcəllə qanunvericilik təşəbbüsü ilə prezident İlham Əliyev tərəfindən parlamentə göndərilib.

"Azərbaycanda şəhərsalma sahəsində xeyli işlər görülüb, yeni şəhərlər salınır və şəhərlərin infrastrkturunda dəyişikliklər baş verir, urbanizasiya problemlərinin həlli üçün iş aparılır. Bəzən bu işlər normalara və standartlara uyğun aparılmır, ona görə də şəhərsalma tikintisi sahəsində münasibətləri tənzimləyəcək yeni Qanuna ehtiyac var", - deyə komissiya sədri əlavə edib.

O bildirib ki, hazırda Azərbaycan əhalisinin 50% - dən çoxu şəhərlərdə yaşayır, gələcəkdə şəhərdə yaşayan əhalinin sayının daha da artacağı gözlənilir, bu isə əlavə problemlər yaradacaq.

Dövlət Memarlıq və Arxitektura Komitəsinin departament rəhbəri Allahverdi Əliyev bildirib ki, Azərbaycanda şəhərsalma sahəsində mövcud qanunvericilik SSRİ dövründə qəbul olunub və müasir standartlara və tələblərə cavab vermir. Tikinti və şəhərsalma sahəsindəki prosesləri tam əhatə etmir.

"Azərbaycanda "Memarlıq haqqında" və "İnşaat fəaliyyəti haqqında" Qanunlar qəbul olunub. Amma bunları tamamlayan sənədin qəbuluna ehtiyac var", - Əliyev əlavə edib.

Parlamentin Huquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirib ki, Şəhərsalma Məcəlləsi şəhərsalma sahəsində estetik məsələləri əhatə edəcək, inzibati məsələlər Tikinti Məcəlləsinə daxil ediləcək.

İqtisadi siyasət komissiyasının üzvü, deputat Vahid Əhmədov təklif edib ki, Şəhərsalma Məcəlləsi qəbul edildikdən sonra, onun həyata keçirilməsinə nəzarət 5 il müddətinə parlamentə verilsin. "Bu, çox vaxib sahəni əhatə edən Məcəllədir. Onun həyata keçirilməsinə mütəxəssisər cəlb olunmalıdır", - Əhmədov deyib.

Komissiyalar Şəhərsalma Məcəlləsinin birinci oxunuşda parlamentdə müzakirəyə çıxarılmasını tövsiyə ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti