...

Türkiyə Yaxın Şərqdə sülhü təmin edə biləcək yeganə ölkədir

Siyasət Materials 6 Yanvar 2009 13:34 (UTC +04:00)
Türkiyə Yaxın Şərqdə sülhü təmin edə biləcək yeganə ölkədir

Azərbaycan, Bakı, 05 yanvar/ Trend , müxbir B.Həsənov/ Türkiyənin Yaxın Şərqdə  tarixi  keçmişinə əsaslanan nüfuzu Ankaranın  İsrail və Fələstin arasında sülhü təmin etmək imkanlarını artırır.

"Türkiyənin tarixən bütün Yaxın Şərq ölkələri tərəfindən sözü eşidilən bir ölkə olması Ankaranın bölgədə sülhü təmin edə biləcək ən real güc olmasını təmin edir", - deyə Suriyalı ekspert Hüsnü Məhəlli bazar ertəsi Trend - a bildirib.

Türkiyənin xarici işlər naziri Əli Babacan Qəzzə Zolağında sülhün təmin olunması üçün beynəlxalq aləmin lazımi qədər səy göstərməsinin vacibliyini bildirib. Babacan bu bəyanatla Türkiyədə səfərdə olan Suriya xarici işlər naziri Vəlid Müəllim ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edib.

Türkiyə son illərdə Yaxın Şərq bölgəsindəki problemlərin həlli üçün fəallıq göstərir. Dekabrın 27 - də İsrailin Qəzzədə keçirdiyi hərbi əməliyyatların dayandırılması və sülhün bərpası üçün də Türkiyə bir sıra ciddi təşəbbüslər edib. Hərbi əməliyyatların başladığı ilk günlərdə Türkiyənin xarici işlər naziri Əli Babacanın təşəbbüsü ilə yanvarın 3 - də İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin xarici işlər nazirlərinin təcili iclası çağrıldı. Eyni zamanda, Baş nazir Rəcəb Tayyib Ərdoğan dekabrın 31 - dən yanvarın 2 - dək, Qəzzə münaqişəsinin həll edilməsi məqsədilə, Suriya, İordaniya, Misir və Səudiyyə Ərəbistanına səfər etdi. Nəhayət, Türkiyə parlamentinin sədri Köksal Toptanın təşəbbüsü ilə Qəzzə hadisələrini müzakirə etmək üçün yanvarın 14 - də İKT Parlament Assambleyası İcraiyyə Komitəsinin İstanbulda iclasının keçirilməsi qərara alınıb.

Türkiyəli ekspert Bülent Aras, əvvəlki illərə nisbətən Yaxın Şərqdə sülh təşəbbüslərinin çox az olduğu bir vaxtda, Türkiyənin vasitəçilik səylərinin ciddi bir boşluğu doldurduğunu bildirib. Ekspertin fikrincə, Türkiyənin vasitəçilik təşəbbüsü yaxın gələcəkdə bölgə ölkələrinin İsrailə etirazlarının daha təşkilatlanmış, diplomatik bir dillə bildirməsinə səbəb olacaq və tezliklə atəşkəsin təmin olunmasına yaxşı zəmin hazırlayacaq.

"Türkiyənin Yaxın Şərq ölkələrindən dəstək almağa çalışaraq vasitəçilik etməsi bölgədə sülhün təmin olunması üçün olduqca əhəmiyyətli amildir", - deyə İstanbuldakı İşık Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Aras bazar ertəsi İstanbuldan Trend - a bildirib.

Ərəb ölkələrinin Qəzzə hadisələrinə fəal müdaxilə etmək iqtidarında olmadığını bildirən Məhəlli Türkiyənin Yaxın Şərq sülhündəki vasitəçiliyinin vacib olduğunu bildirib.

"Əksəriyyəti ABŞ - ın əlaltıları olan və öz aralarında problemlər yaşayan ərəb ölkələrini regionda heç kim ciddi qəbul etməz. Ona görə də, bütün region ölkələrini ortaq məxrəcə gətirə biləcək yeganə dövlət Türkiyədir", - deyə Məhəlli əlavə edib. Lakin ekspert hesab edir ki, Türkiyənin ciddi təşəbbüslərinə baxmayaraq, İsrailin sülh üçün müsbət addımlar atacağı inandırıcı deyil. Məhəlli bildirib ki, Türkiyənin qondarma erməni soyqırımı məsələsində İsrail lobbisindən asılı olması Ankaranın Təl - Əvivə lazımi səviyyədə təsir göstərə bilməməsinə səbəb olur və buna görə də, Türkiyə Yaxın Şərq sülh prosesinə istədiyi töhfəni verə bilmir. Eyni zamanda, Məhəlli hesab edir ki, Türkiyə ilə İsrail arasında əlaqələr davam etsə də,  bu əlaqələrin artıq keçmişdəki qədər yaxın olacağını gözləmək olmaz.

İsraildən olan ekspert Efraim İnbar hesab edir ki, Türkiyə İsrailin ən yaxın müttəfiqlərindən biridir və iki ölkə arasında əlaqələrin gələcəyi təhlükədə deyil. Ekspertin fikrincə, Türkiyənin hazırda İsrailə ünvanlanan tənqidləri Ankara üçün məcburi xarakter daşıyır. "Türkiyə müsəlman ölkəsi və İslam Konfransı Təşkilatının fəal üzvü olduğundan, İsraili tənqid etməyə məcburdur", - deyə Begin Sadat Staretji Araşdırmalar Mərkəzinin eksperti İnbar bazar ertəsi Trend - a bildirib.

Türkiyə Qəzzədə sülhün təmin olunması üçün səylərini davam etdirir. Xarici işlər naziri Əli Babacan hazırda bölgə ölkələri ilə məsləhətləşmələr apardıqlarını və əhatəli sülh planı hazırlamaq üçün müxtəlif təkliflər üzərində işlədiklərini bildirib.

Xəbər lenti

Xəbər lenti