...

Yaxın vaxtlarda Azərbaycanda Ermənistan - Azərbaycan münaqişəsi şəhidlərinin ailə üzvlərinin hərbi xidmətdən azad edilməsi gözlənilmir - deputatlar

Siyasət Materials 9 Yanvar 2009 18:45 (UTC +04:00)
Yaxın vaxtlarda Azərbaycanda Ermənistan - Azərbaycan münaqişəsi şəhidlərinin ailə üzvlərinin hərbi xidmətdən azad edilməsi gözlənilmir - deputatlar

Azərbaycan, Bakı, 09 yanvar/ Trend , müxbir E.Rüstəmov/ Yaxın vaxtlarda Azərbaycanda Ermənistan - Azərbaycan münaqişəsi şəhidlərinin ailə üzvlərinin hərbi xidmətdən azad edilməsi gözlənilmir.

Ölkə qanunvericiliyində Ermənistan - Azərbaycan münaqişəsi şəhidlərinin ailə üzvlərinin hərbi xidmətdən azad edilməsi barədə bəndin qəbulu Azərbaycanda indi də, gələcəkdə də gözlənilmir, - Azərbaycan parlamentinin Təhlükəsizlik  və müdafiə məsələləri daimi komissiyasının sədr müavini, Milli Məclisin deputatı Aydın Mirzəzadə cümə günü Trend - a bildirib.

Bu həftdə Türkiyədə parlamentin mili müdafiə komissiyası düzəliş qəbul edib. Bu düzəlişə əsasən, hərbi xidmət zamanı həlak olanların yaxınları özləri istəmədikləri halda hərbi xidmətə çağırılmırlar.

"Türkiyədə qəbul edilmiş düzəliş çox incə məsələdir və ona birtərəfli qaydada cavab vermək olmaz. Bu gün Azərbaycan müharibə vəziyyətindədir və hər bir vətəndaşın hərbi xidmətdən keçməsi bizim üçün çox vacibdir. Türkiyə müharibə vəziyyətində deyil və ona görə də, onlar əhalinin bəzi hissəsini hərbi xidmətdən azad edə bilərlər. Lakin biz nə bu gün, nə də sabah bunu edə bilmərik", - Mirzəzadə deyib.

2006 - cı ilədək Azərbaycanın qanunvericiliyində, Ermənistan - Azərbaycan münaqişəsi şəhidlərinin ailə üzvləri orduya çağırılmırdılar. Sonradan "Şəhidlərin adlarının əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunundakı bu bənd ləğv olundu. Dövlətin bu ailələrə verdiyi sosial güzəştlər isə, 2002-ci ildən ləğv edilib.

Mirzəzadənin sözlərinə görə, dövlət tərəfindən şəhid ailələrinə maksimum dəstək göstərilir. "Müharibə başa çatdıqdan sonra, nəinki şəhid ailələrinə, həm də bütün hərbi əməliyyat iştirakçılarına yardım göstəriləcək. Bazar iqtisadiyyatı dövründə güzəştlər deyil, dövlət tərəfindən birbaşa yardım ola bilər. Belə  ki, vətəndaşların müəyyən kateqoriyalarına güzəştlər təqdim olunarkən, bu güzəştlər heç də həmişə ünvanı üzrə istifadə edilmir. İndi dövlət şəhid ailələrinə birbaşa yardım göstərir və ehtiyacı olanlara dövlətin hesabına mənzil verilir", - Mirzəzadə deyib.

Türkiyə parlamentinin qəbul etdiyi düzəliş ailə amillərindən irəli gəlir, - Azərbaycan parlamentinin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, Milli Məclisin deputatı Zahid Oruc hesab edir.

"Bu ondan irəli gəlir ki, bu ailənin ikinci belə itkisi olmasın. Dövlət ailəni qorumalıdır. Parlamentin yaz sessiyasında bu istiqamətdə təkliflərin veriləcəyi mümkündür", - deputat deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti