...

Azərbaycan enerji təchizatının şaxələndirilməsində gələcəkdə daha önəmli rol oynayacaqdır – prezident İlham Əliyev

Siyasət Materials 13 Yanvar 2009 23:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir V.Şərifov / Nəhəng neft və qaz yataqlarına, o cümlədən neft və qazın nəqli üçün artıq müasir infrastruktura malik olan Azərbaycan enerji təchizatının şaxələndirilməsində gələcəkdə daha önəmli rol oynayacaqdır, Azərbaycan prezidenti İlham Əliyev Bakıda rəsmi səfərdə olan Estoniya prezidenti Toomas Hendrik İlveslə görüşü zamanı deyib, AzərTAc dovlət agentliyi məlumat yayıb.

"Biz ölkəmizdə bütün əsas məqsədlərimizə artıq nail olmuşuq. Biz enerjinin nəql olunması sistemini şaxələndirmişik. Əminəm ki, gələcəkdə Azərbaycan ilə Avropa istehlakçıları arasında münasibətlər uğurla inkişaf edəcəkdir", dövlət başçısı deyib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan artıq öz işləri ilə burada milyardlarla dollar həcmində sərmayə qoymuş xarici şirkətlərin etibarlı tərəfdaşı olduğunu nümayiş etdirmişdir.

"Biz Azərbaycanda əlverişli sərmayə mühitini yaratmışıq. Eyni zamanda, biz etibarlı təchizatçıyıq. Azərbaycandan neft və qaz dünyanın müxtəlif yerlərinə ixrac edilir. Bütün ixrac əməliyyatlarımızda heç vaxt elə bir hal olmayıb ki, təchizatımız dayansın və ya istehlakçılar müəyyən problemlərlə üzləşsinlər", prezident deyib.

Ölkə başçısının sözlərinə görə, Azərbaycan tərəfindən başlanılan Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəməri kimi layihələr enerji mənbələrinin şaxələndirilməsi sahəsində regionda tamamilə yeni vəziyyət yaratmışdır.

"Şaxələndirmə hamı üçün, yəni həm istehsalçılar, həm də istehlakçılar üçün olmalıdır. Əlbəttə ki, tranzit ölkələr mühüm rol oynamalı və coğrafi yerləşmədən yararlanmalıdır. Hər gün xəbərlərdə izlədiyimiz son hadisələri nəzərə alsaq görürük ki, hazırda bütün bu kimi məsələlərin əhəmiyyəti daha da artır. Buna görə də gələcəkdə enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət etməlidir. O, millətləri bir-birindən ayırmalı deyil, onları birləşdirməlidir", Azərbaycan prezidenti deyib.

İlham Əliyev deyib ki, Azərbaycan enerji təchizatının şaxələndirilməsində oynadığı konstruktiv rolu davam etdirəcəkdir.

Tərəfdaşlarımız əmin ola bilər ki, etibarlı tərəfdaş və dost kimi Azərbaycan öz mühüm rolunu gələcəkdə də davam etdirəcəkdir, İlham Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti