Gürcüstan, Tbilisi, 02 fevral/ Trend , müxbir N.Kirtsxaliya/ Fevralın 6-da Minskdə Qafqazda münaqişələrin nizamlanması məqsədi ilə yaradılan Gürcüstan-Rusiya ictimai komissiyasının iclası keçiriləcək. Qarışıq komissiyanın Gürcüstan tərəfdən rəhbəri Malxaz Qulaşvilinin jurnalitstlərə bildirdiyinə görə, görüşdə avqust hadisələri zamanı itkin düşən şəxslərlə bağlı məsələ, həmçinin insanlara işgəncə verilməsi faktları müzakirə olunacaq.
Komissiyaların nümayəndələri əllərində olan məlumatları müqayisə edəcəklər. "Biz Gürcüstanın Daxili İşlər və Müdafiə nazirlikləri ilə lazımi informasiyaların bizə verilməsi barədə razılaşma əldə etmişik. Rusiya tərəfi isə onlarda olan məlumatları təqdim edəcək", - deyə Qulaşvili bildirib.
Onun sözlərinə görə, komissiyanın iclasında Gürcüstan tərəfini üç nəfər, o cümlədən ekspert Mamuka Areşidze təmsil edəcək. O, həm də əsirlərin dəyişdirilməsi məsələsi ilə məşğul olur. Onun sözlərinə görə, Rusiya tərəfi əsirlərdən birinin saxlandığı yer barədə məlumat verib.
Gürcüstan tərəfi ötən ilin avqustunda baş verən Gürcüstan-Rusiya münaqişəsi zamanı 14 hərbçi və polisin itkin düşdüyünü bildirir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]