...

Obama ABŞ-ın gələcək terror əleyhinə proqramını dəyişməlidir

Siyasət Materials 6 Fevral 2009 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend , müx. U.Sadıqova/

Ekspertlər hesab edir ki, ABŞ-ın yeni prezidenti Barak Obama ərəb ölkələri ilə əlaqələrində uğur əldə etmək istəyirsə, o, Yaxın Şərqdə terrorizmlə mübarizə üzrə gələcək strategiyasını yenidən nəzərdən keçirməlidir.

ABŞ-ın terrorist təşkilatlarının siyahısına daxil olan 42 təşkilatdan biri də 2006-cı ildən Fələstin parlamentini idarə edən HƏMAS islam müqavimət hərəkatıdır.

Obama seçkiqabağı kompaniyası zamanı bildirib ki, Yaxın Şərqdə, xüsusilə də Əfqanıstanda və Pakistanda fəaliyyət göstərən terrorçulara qarşı ABŞ-ın əvvəlki siyasətini həyata keçirəcək.

"Biz ekstremistlərin günahsız insanları öldürdükləri bir dünya ilə barışa bilmərik. Biz bu təhlükələrlə mübarizə aparmaq üçün yalnız hərbi deyil, diplomatik və siyasi gücümüzdən də istifadə etməliyik", - Obama prezident seçildikdən sonra Çikaqoda keçirdiyi mətbuat konfransında bildirib.

Yeni Prezident İsraillə müharibə vəziyyətində olan Həmasla bağlı heç bir bəyanat verməyib, lakin hərəkatın İsrailin mövcudluq hüququnu tanımayan liderləri ilə danışıqlar aparmaqdan imtina edib.

"Obamanın Yaxın Şərqdə terrorizmi məhv etməklə bağlı siyasətinin müsbət nəticələrindən danişmaq hələ tezdir, çünki Obama terroristlərə qarşı mübarizə ilə bağlı heç bir bəyanat etməyib", - deyə Britaniyanın terrorizm əleyhinə araşdırmalar mərkəzinin rəhbəri Kamal Halbavi Trend -a telefonla bildirib.

ABŞ-da da 2001-cil il 11 sentyabr terror aktlarına həsr olunmuş "Şeytanın Oyunu" kitabının müəllifi Robert Dreyfuss hesab edir ki, Obama ərəb ölkələrində ABŞ-ın imicini yaxşılaşdırmaq üçün təxribat xarakterli "terrorizmə qarşı müharibə" ifadəsindən istifadə etməyəcək.

"Obamanın Vaşinqtonun ərəb və müsəlman ölkələri ilə əlaqələri qaydaya salmaq çağırışı Buşun Yaxın Şərqdəki dağıdıcı siyasətinin səhvlərini düzəltməyə imkan yaradacaq," - Dreyfus Trend -a elektron ünvanla bildirib.

Obamannın sələfi Corc Buş Əl-Qaidə terror təşkilatının üzvlərini məhv etmək məqsədilə 2001-ci ildə Əfqanıstanda, 2003-cü ildə İraqda müharibəyə başlayıb.

Ağ Evdə keçirilən vida mətbuat konfransında Buş bildirib: "O [Obama] da özündən sonrakı prezidentlər kimi ABŞ-a hücum təhlükəsi ilə mübarizə aparmalı olacaq."

Buşdan fərqli olaraq, Obamanın Yaxın Şərqdəki balanslaşdırılmış siyasəti terrorizmlə mübarizəyə böyük təsir göstərəcək ki, bu da ABŞ-a qarşı təcavüzkar münasibəti azaltmağa kömək edəcək. Bu barədə elektron ünvanla Trend -a Britaniyanın Birmingam universitetinin terrorizm üzrə eksperti Stiv Hevit (Stewe Hewitt) deyib.

Lakin Amerikanın təhlükəsizlik siyasəti üzrə eksperti Stefen Bidl (Stephen Biddle) hesab edir ki, İsrail-Həmas münaqişəsinin və daxili problemlərin həlli yüksək nəticə verə bilməz, çünki ABŞ-ın terrorizmlə mübarizə ilə bağlı konkret planı yoxdur.

"Çətin ki Ərəb ölkələri terrorizmlə mübarizədə faydalı vasitəçi ola bilsinlər, belə ki, Ərəb liderlərinin terror təşkilatları ilə bağlı bəzi məsələlərdə fikirləri üst-üstə düşmür", - Həlbavi bildirib.

Misirin Müsəlman Qardaşları, Fələstinin Həmas və Livanın Hizbulla terror təşkilatlarının nümayəndələrinin öz ölkələrində siyasi vəzifələr tutmasına baxmayaraq, bu təşkilatlar ABŞ və Avropa ölkələri tərəfindən terror təşkilatları kimi tanınır.

"Ərəb dünyasının terror barədə anlayışı belə yoxdur", - deyə Həlbavi bildirib. -"Ərəb ölkələri terrorun nə olduğunu dəqiq bilmir".

ABŞ hökuməti terror təşkilatları və müqavimət qüvvələri arasında fərq qoymalıdır, belə ki, souncular öz ölkələrinin müstəqilliyini qoruyur, - deyə Həlbavi qeyd edib.

"Həmas və İraqdakı müqavimət hərəkatları terror təşkilatları deyil. ABŞ terrorçular və müqavimət qüvvələri arasında fərq qoymalıdır".

Həmasdan başqa, İslam Cihadı, Al-Aqsa Şəhidlər Ordusu və Mehdi Orudusu kimi Fələstinin İsrail tərəfindən işğalına və İraqdakı ABŞ qüvvələrinə qarşı etiraz edən təşkilatlar ABŞ Dövlət Departamenti tərəfindən terror təşkilatları elan olunub.

"Obama yalnız müsəlman ölkələrinə qarşı siyasətini dəyişmək barədə vədlərini yerinə yetirəcəyi təqdirdə ərəb ölkələrinin köməyilə Yaxın Şərqdə terrorizmlə mübarizədə uğur əldə edə bilər", - deyə Dreyfuss əlavə edib.

"Hər şey Obamanın İraqdan qoşunları çıxarmaqla bağlı vədinə əməl etməsindən və onun Fələstin-İsrail cəbhəsi ilə bağlı siyasətindən asılı olacaq", - Dreyfuss qeyd edib.

"Obamanın Yaxın Şərqdəki siyasəti regionda uzun sürən münaqişələrin həllində mühüm addım ola bilər, lakin ABŞ İraqda vəziyyətin sabitləşdirilməsi kimi başlıca cəhdlərin uğursuz olmasının qarşısını almalıdır", - Bidl elektron ünvanla bildirib.

"Bu gün terrorçuların fəallığını azaltmaq ABŞ-ın terrora qarşı siyasəti üçün daha real olaraq qalır, lakin terrorun məhv edilməsi barədə danışmaq hələ tezdir", - Britaniya eksperti bildirib.

Terrorizm hakim qüvvəyə, ayrı-ayrı dövlət qulluqçularına yaxud xarici dövlət adamlarına qarşı yönəlmiş siyasi mübarizə üsullarından biridir. Bir çox hallarda terrorizm "zorakılıq yolu ilə qorxutma" kimi başa düşülür.

Bir çox Avropa ölkələrində və ABŞ-da terror qorxusu 2001-cil il 11 Sentyabrda Nyu-Yorkda Dünya Ticarət Mərkəzinə terror hücumundan sonra daha da güclənib. Həmin terror hadisələri 3000-dən çox insanın həyatına son qoyub.

Terror hücumlarına görə məsuliyyəti Al-Qaidə terror təşkilatı öz üzərinə götürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti