...

Azərbaycan prokurorluq orqanları ötən illərdən bağlı qalan 56 ağır və xüsusilə ağır cinayətin üstünü açıb

Siyasət Materials 6 Fevral 2009 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir  K.Zərbalıyeva/ Ötən il Azərbaycanın prokurorluq orqanları ötən illərdə törədilməklə bağlı qalan 56 ağır və xüsusilə ağır cinayətin üstünü açıb.

Trend -un məlumatına görə, cümə günü Baş Prokurorluqda ötən il görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında baş prokuror Zakir Qaralov məlumat verərək bildirib ki, ümumilikdə 301 belə cinayətin üstünün açılması təmin olunub.

Baş prokuror bildirib ki, 2007-ci illə müqayisədə hesabat dövründə qəsdən adam öldürmə və adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır zərər vurma, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri, avtonəqliyyatın oğurluğu, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, xarici vətəndaşlara qarşı törədilən cinayətlərin, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri və ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin sayı əhəmiyyətli dərəcədə azalıb, adamların girov götürülməsi kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb, törədilmiş 21692 cinayətin təxminən 88,2 faizinin açılması təmin olunub.

Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsi vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, rüşvət alma, qulluq mövqeyindən istifadə etməklə dövlət əmlakını talama və digər faktlar üzrə 121 nəfər barəsində 70 cinayət işi üzrə ibtidai araşdırmaları yekunlaşdıraraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərib.

Ötən il Dövlət İttihamının müdafiəsi üzrə İdarə tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 281 apellyasiya protestinin 199-u və ya 70,8 faizi təmin olunub.

Ötən il 14 qəsdən adamöldürmə cinayətinin, o cümlədən, Bakı şəhərinin Binəqədi və Xətai rayonlarının hər birində 2, Gəncə və Sumqayıt şəhərləri, Nərimanov, Nəsimi, Qaradağ, Abşeron, Goranboy, Qəbələ, Lənkəran və İmişli rayonlarının hər birində 1 belə cinayətin bağlı qalmasından narahatlıq bildirilib, həmin cinayətlərin açılması üçün tapşırıqlar verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti