...

Azərbaycanın dövlət başçısının fəaliyyətinə və prezident seçkisinin sosioloji təhlilinə həsr olunan kitabların təqdimat mərasimi keçirilib

Siyasət Materials 10 Fevral 2009 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir A.Hüseynbala/ Bu gün Azərbaycan prezidentinin 5 illik fəaliyyəti və ötən il keçirilən prezident seçkilərinin sosioloji təhlilinə həsr olunan kitabların təqdimat mərasimi keçirilib.

"Qısa müddətdə respublikamızın bütün regionlarında "İlham Əliyevin 5 illik prezidentlik fəaliyyəti və Azərbaycanda vətəndaş cəmiyyəti" mövzusunda sosioloji sorğu keçirdik. Əhalinin həm dövlət başçısına, həm də prezidentlik fəaliyyətinə münasibətini müəyyənləşdirdik", - çərşənbə axşamı Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib.

Onun sözlərinə görə, rəy sorğusu 2008-ci ilin noyabr ayında Azərbaycanın bütün ərazisində aparılıb. Sorğuda "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin sorğu qrupu da iştirak edib.

Sorğu nəticəsində müəyyən olunub ki, 2003-cü ildə büdcə gəlirləri 1 milyard 200 milyon mant təşkil edirdisə, 2008-ci ilin büdcəsi 10 milyard manatı ötüb. "Bu, 5 il ərzində artım dinamikasının miqyasını əyanı surətdə nümayiş etdirir", - Zülfüqarlı deyib.

Kitabın "Daxili siyasət" bölməsində qeyd edilir ki, ilk prezidentliyi dövründə İlham Əliyev müxalifəti dəfələrlə dialoqa, ölkənin problemlərinin həlli üçün birliyə çağırıb. "O, Azərbaycanda vətəndaş həmrəyliyinin baş tutması üçün 2003-cü il prezident seçkisindən sonra kütləvi iğtişaşlar törətməkdə təqsirləndirilərək həbs olunmuş və müxtəlif müddətlərə azadlıqdan məhrum edilmiş müxalifət liderlərini, eləcə də sıravi müxalifətçiləri konstitusion hüququndan istifadə edərək əfv etdi", - kitabda vurğulanır.

"2003-cü ildə İlham Əliyevin seçkiqabağı verdiyi vədlərindən biri əhalinin məşğulluğu və işsizlik probleminin həll edilməsi naminə yaxın 5 il ərzində 600 min yeni iş yerinin açılması ilə bağlı idı. Verilən vədlərin reallaşdırılaraq gerçəkliyə çevrilməsi hər bir ailənin güzəranına təsir edib", - müəlliflər qeyd edirlər.

Kitabın "Xarici siyasət" bölməsində bildirilir ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunu davam etdirib. "Gənc prezident xarici siyasətdə yüksək vətənpərvərlik, təşəbbüskarlıq, müasir Avropa və dünya siyasətinin incəliklərinə bələd olduğunu nümayiş etdirərək, həm də bacarıqlı diplomat olduğunu ortaya qoydu", - kitabda vurğulanır.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, qeyd edilir ki, Azərbaycan prezidenti İlham Əliyev hələ 2003-cü ildə, öz səlahiyyətlətlərinə başladığı dövrdə heç vaxt torpaqlarımızın itirilməsi ilə barışmayacağını bəyan etmişdi. "O, Ermənistanla aparılan danışıqların nəticə verməyəcəyi təqdirdə, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün digər zəruri vasitələrdən, konkret desək, hərb yolundan istifadə olunması məsələsinin müzakirəyə çıxarılacağını açıq bəyan edir. Prezidentin bu cür cəsarətli danışmağa həm haqqı, həm də əsası var. 2003-cü ildə Azərbaycanın hərbi xərcləri 163 milyon dollar olduğu halda, 2008-ci ildə bu rəqəm 1 milyard 850 milyon dollara çatıb", - müəlliflər yazıblar.

AVCİYA-nın "ELS" Müstəqil Araşdırmalar Mərzəzi ilə birgə təqdim etdiyi növbəti kitab "Azərbaycan Respublikası prezidentinin seçkiləri sosioloji təhlil müstəvisində" adlanır. Bu kitabda 2008-ci ilin oktyabr ayında keçirilən prezident seçkisinin nəticələri təhlil olunub.     

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti