...

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi beynəlxalq terrorçu şəbəkə ilə əlaqəli radikal dini təmayüllü qrupu zərərsizləşdirib

Siyasət Materials 16 Fevral 2009 16:08 (UTC +04:00)
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi beynəlxalq terrorçu şəbəkə ilə əlaqəli radikal dini təmayüllü qrupu zərərsizləşdirib

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir  K.Zərbalıyeva/ Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirtdiyi əməliyyat zamanı Azərbaycan vətəndaşlarından ibarət radikal dini təmayüllü qrup ifşa olunub və zərərsizləşdirilib. Beynəlxalq terrorçu şəbəkə ilə əlaqəli olan həmin qrup qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmə yara­daraq, Azərbaycanda sabitliyin pozul­ma­sı­na, dövlətin dünyəvi və demokratik inkişafdan çəkindiril­məsinə yönəlmiş qanun­suz hərəkətlər törətməyi planlaşdırıblar.

MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzindən bazar ertəsi Trend -a verilən məlumata görə, silahli birləşmənin üzvləri odlu silah və partlayıcı maddələrin əldə edilməsi və gizli surətdə ölkə ərazisinə keçirilməsi, daşınması və saxlanılmasında, eləcə də Azərbaycanda terrorçuluq əməlinin, quldurluq və digər cinayətlərin törədilməsində iştirak ediblər. Qrupun üzvləri, həmçinin Bakı şəhəri, Nərimanov rayonundakı "Əbu Bəkr" məscidində 2008-ci il avqustun 17-də terrorçuluq törədilməsində təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilmiş "Meşə qardaşları" adlı silahlı birləşmənin rəhbərlərindən biri olan "Süleyman" ləqəbli Samir Mehdiyevin Azərbaycanda istintaqdan yayınaraq digər dövlətin ərazisində gizlənməsini təşkil ediblər.

Silahlı birləşmənin üzvləri - Xəlilov Amil Rza oğlu və Alazovi İbadət Məhəmməd oğlu saxlanılıb.

Müəyyən edilib ki, silahlı birləşmənin rəhbəri "Abdulla" ləqəbli Azər Misirxanovun göstərişinə əsasən, qrupun üzvü Faiq Cəfərov barəsində axtarış elan edilmiş "Süleyman" ləqəbli Samir Mehdiyevlə birgə 2008-ci ilin sentyabr ayında Tovuz rayonuna gəlib və burada onu İbadət Alazoviyə təhvil verib.

İbadət Alazovi Samir Mehdiyevi Azərbaycan Respublikasının "Candargöl" adlı ərazisindən qanunsuz yolla xarici ölkəyə keçirib.

Alazovi 2008-ci ilin sentyabr və noyabr aylarında Amil Xəlilov ilə birlikdə, sonuncunun idarə etdiyi "VAZ-21 013" markalı avtomaşında çoxlu sayda odlu silahı, o cümlədən qumbaraatan, avtomat və tapançaları, habelə xeyli qumbara və digər döyüş sursatını qaçaq yolla Azərbaycan Respublikası ərazisinə keçirərək Balakən rayonunda silahlı birləşmənin üzvü Faiq Cəfərova təhvil veriblər.

Silahlı birləşmədən bütövlükdə terrorçular arasında "kamikadze kəməri" kimi adlandırılan və içərisində ümumilikdə 5 kiloqramdan artıq partlayıcı maddə olan 3 ədəd plastid, 1 ədəd 200 qramlıq trotil şaşkası, 2 ədəd "RPQ-7" tipli əl qumbaraatanı və ona aid 5 ədəd mərmi, 2 ədəd döyüş vəziyyətində olan "Muxa" tipli əl qumbaraatanı, 7 ədəd "AKS" tipli avtomat, 2 ədəd "AKSU" tipli avtomat, 1 ədəd "UZİ" tipli avtomat, 1 ədəd "EAQLE" tipli avtomat, 3 ədəd "Makarov" tipli tapança, 1 ədəd "Maqnum" tipli tapança, 1 ədəd "Umareks" tipli tapança, 1 ədəd "Siq Sauer" tipli tapança, 1 ədəd "Fort-14" tipli tapança və ona aid səsboğucu, 1 ədəd "Vinçester" tipli tüfəng, 57 ədəd müxtəlif avtomat silah və tapança üçün dolu daraq, 60 ədəd elektrodetanator, 22 ədəd partlayıcını kənardan elektron idarəetmə qurğusu, 12 ədəd "F-1" tipli əl qumbarası, 11 ədəd "RQD-5" tipli əl qumbarası, 5 ədəd xaricdə istehsal olunmuş əl qumbarası, 25 ədəd qumbara alışdırıcısı, 12 ədəd detanator üçün kapsula, 20 ədəd "KENWOOD" tipli radiostansiya, 10 ədəd siqnal fişəngi, 1 ədəd partlayıcı qurğu üçün nəzərdə tutulmuş saat mexanizmi, 1 ədəd kompas, habelə çoxlu sayda müxtəlif çaplı patron və digər hərbi ləvazimatlar aşkar olunaraq götürülüb.

Faktlar üzrə Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma (279.1-ci), qabaq­ca­dan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluğa cəhd (29,214.2.1-ci), qabaq­cadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa cəhd (29, 214.2.3-cü ), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə (228.2.1-ci), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatını və partlayıcı maddələri və qurğuları hazırlama (229.2.1-ci), quldurluq (181.2.1-ci, 181.2.5-ci), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qaçaqmalçılığı (206.3.2-ci) və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama (234.1-ci) maddələri ilə cinayət işi istintaq olunur.

Milli Təhlükəsizlik Nazirliyinin rəsmi məlumatına görə, İlqar Mollaçiyev və Samir Mehdiyev "Meşə qardaşları" adlı silahlı birləşmənin fəaliyyətini bərpa etməyi, respublikanın şimal rayonlarında qanunsuz hərbi birləşmələr yaratmağı və ümumən Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş terrorçuluq əməlləri törətməyi planlaşdırıblar. MTN tərəfindən bu cinayətkar niyyətlərin qabaqlanması üçün xüsusi əməliyyat hazırlanaraq həyata keçirilib. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində 13 nəfər yaxalanaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub və barələrində həbs-qətimkan tədbiri seçilib.

Avqustun 17-də Bakıda Əbu Bəkr məscidində baş verən partlayışın da "Meşə qardaşları" tərəfindən törədildiyi məlum olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti