Afinada bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevin və Yunanıstan prezidenti Karolos Papulyasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Görüşdə iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyi, bunun regional əməkdaşlıq baxımından əhəmiyyətli olduğu vurğulanıb, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Prezidentin rəsmi saytı məlumat yayıb.
İkitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev səfər zamanı imzalanacaq sənədlərin siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrin daha da genişlənməsi üçün yaxşı hüquqi əsas yaradacağını bildirib.
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın fəal iştirakını xatırladan dövlət başçısı bu baxımdan Yunanıstan ilə də enerji sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.