Qırğızıstan, Bişkek, 21 fevral / Trend , müxbir R.Мəşədihəsənli/ Bu ilin mayında Türkiyənin prezidenti Abdullah Gülün Qırğızıstana rəsmi səfəri nəzərdə tutulur. Bunu şənbə günü Trend müxbirinə Türkiyə-Qırğızıstan parlament dostluq qrupunun rəhbəri, TBMM-nin deputatı İbrahim Hasgur söyləyib.
Hasgurun sözlərinə görə, sonrakı aylarda isə Türkiyənin ədliyyə və səhiyyə nazirlərinin Qırğızıstana səfərləri gerçəkləşəcək. "Qırğızıstana səfərlərimiz daha sıx-sıx olacaq. Bundan sonra demək olar, hər ay Türkiyənin Bir naziri Qırğızıstana səfər edəcək. Türkiyə hökumətinin tövsiyələrinə əsasən, bu coğrafiyada çalışmalarını davam etdirən həm Türkiyə vətəndaşları, həm də qırğızıstanlıların qarşılaşdıqları çətinliklər yerindəcə həll ediləcək", - deyə Hasgur bildirib.
Hasgur Türkiyənin Azərbaycana və Orta Asiyanın türkcə danışan digər ölkələrinə də diqqətin artırılacağını əlavə edib.
Dostluq qrupunun rəhbəri Trend müxbirinin "Qırğızıstan parlamentinin Türkdilli Dövlətlərin Parlamentlərarası Assambleyasındakı hazırkı rolu sizi qane edirmi?" sualına cavabında bildirib ki, Qırğızıstan parlamenti sürətlə inkişaf edir. Onların həm Assambleya, həm də Türkiyə ilə əlaqələri getdikcə genişlənir və möhkəmlənir. "Bu, bizi çox sevindirir. Deməli, demokratik prinsiplər Qırğızıstanda inkişaf etməkdədir və ümidvericidir", - o deyib.
"Parlamentlər arasındakı birliyi daha da möhkəmləndirmək və inkişaf etdirmək məqsədilə bildiyiniz kimi, ilk toplantımızı İstanbulda keçirdik. İkinci toplantımız ya Qazaxıstanda, ya da Qırğızıstanda baş tutacaq. Sonra Azərbaycanda görüşəcəyik. İlk toplantımıza Türkmənistan və Özbəkistan qatılmasa da, ümid edirik ki, ikinci iclasımızda onlar da iştirak edəcəklər. İnşallah, Türkdilli Dövlətlərin Parlamentlərarası Assambleyası Birliyi möhkəmləndikcə, demokratiya və dünyaya inteqrasiya prinsipləri də genişlənəcək, faydası da artacaq", - Türkiyə-Qırğızıstan prlament dostluq qrupunun rəhbəri, TBMM-nin deputatı Hasgur əlavə edib.