...

Azərbaycanın bəzi müxalifət partiya və ictimai təşkilatlarının təsis etdiyi təşviqat qrupları referendumu müşahidə edəcək

Siyasət Materials 16 Mart 2009 15:20 (UTC +04:00)

Azərbaycan, Bаkı, 16 mart  / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın bir qrup müxalif partiya və ictimai təşkilatlarının referendumla bağlı təsis etdiyi "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşviqat qrupları martın 18-də səsvermə prosesini müşahidə edəcək.

"Biz Konstitusiyaya təkilf olunan əlavə və dəyişiklikləri boykot etsək də, əsas məqsədimiz səsverməyə gələn insanların sayını müəyyənləşdirməkdir", - bazar ertəsi Trend -a "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Тrend Nеws-un arayışı: Azərbaycanın müxalif partiya və ictimai təşkilatlarının təsis etdikləri təşviqat qrupları referendumu boykot etmək haqda qərar veriblər.

Azərbaycanda referendumla bağlı təsis edilən təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start veriblər.

Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır.

Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Cümhuriyyəti" və "Milli İstiqlal" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.

Cəlaloğlunun sözlərinə görə, müşahidənin aparılması prosesini təşviqat qruplarının işçi qrupu təşkil edəcək. "Səsverməni neçə nəfər müşahidəçinin izləyəcəyini bilmirəm. Amma deyə bilərəm ki, biz bütün seçki məntəqələri üzrə bu prosesi izləmək imkanında deyilik", - müxalif partiya rəhbəri vurğulayıb.

ADP sədri bütün ölkə üzrə səsvermə prosesini izləməyin mümkün olmamasının səbəbini Mərkəzi Seçki Komissiyasının qərarı ilə izah edib. "Bütün müşahidəçilər Bakıya gəlib, qeydiyyata düşməliydilər. Müşahidəçilərin hamısının regionlardan paytaxta gəlib-getməsi üçün isə maliyyə imkanımız yoxdur", - Cəlaloğlu əlavə edib.

"Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşviqat qruplarını Azərbaycan Demokrat, Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Müsavat, Ümid partiyaları və bir neçə ictimai təşkilat təsis edib.   

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti