Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir C.Babayeva /
Hakim Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, ölkə vətəndaşları Konstitusiya islahatlarını dəstəkləyirlər və referendum üzrə səsvermə günündə yüksək fəallıq nümayiş etdirmək əzmindədirlər.
"Referendum üzrə "Yeni Azərbaycan" təşəbbüs qrupunun seçicilərlə keçirdiyi görüşlərdə iştirak etmiş 100 minlərlə Azərbaycan seçicisi Konstitusiya islahatlarına birmənalı şəkildə öz dəstəklərini ifadə ediblər", - bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov təşviqat kampaniyasının sonuncu günündə "Bakı" kinoteatrında seçicilərlə görüşdə bildirib.
Trend - un arayışı: Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum keçiriləcək.
"Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və Demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka" təşviqat qrupları referendumun lehinə təbliğat aparır.
Referendumun əleyhinə təbliğat aparan "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşviqat qrupları Konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərə etiraz olaraq referendumun boykot edilməsi barədə qərar qəbul ediblər.
Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən başladığı təbliğat kampaniyası bu gün - martın 16-da saat 24:00-da başa çatdırılmalıdır. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.
Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.
Azərbaycanda referendumu izləyəcək beynəlxalq müşahidəçilərin sayı 170, yerli müşahidəçilər isə 47 minə yaxındır.
Əhmədov bildirib ki, istənilən qanunvericilik bazası ictimai münasibətləri tənzimləmək funksiyası kimi bir vəzifəni yerinə yetirir. "İctimai münasibətlərin təkmilləşdirilməsi bütövlükdə cəmiyyətin inkişafını təmin edən çox vacib amillərdəndir. Konstitusiyanın məlum müddəalarının təkmilləşdirilməsi məqsədi ilə bəzi düzəlişlərin təklif edilməsində məqsəd ictimai münasibətlər sferasının təkmilləşdirilməsi zəminində ölkənin inkişafına növbəti təkan verməkdən ibarət olub", - YAP sədrinin müavini deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]