...

Seçicilərin ən yüksək fəallığı 75 saylı Lənkəran-Masallı seçki dairəsində müşahidə edilib

Siyasət Materials 18 Mart 2009 22:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir C.Babayeva /

Keçirilən referendumda Azərbaycan seçicilərinin ən yüksək fəallığı 81,12 faiz olmaqla 75 saylı Lənkəran-Masallı seçki dairəsində müşahidə edilib. Azərbaycan MSK yanında "Seçkilər" İnformasiya Mərkəzinin məlumatına əsasən, bu, yerli vaxtla 19:00-a olan məlumatdır.

Ən aşağı seçici fəallığı 25 saylı Sabunçu rayonu birinci seçki dairəsində qeydə alınıb - 55,31 faiz.

Azərbaycanda 125 seçki dairəsi və 5367 seçki məntəqəsi var. Ölkə üzrə 4 893 3782 seçici qeydiyyata alınıb. 

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilib.

Ümumxalq səsverməsinə bir neçə məsələ çıxarılıb. Referendumda, xüsusilə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində hazırda yer alan "heç kim iki dəfədən artıq AR prezidenti seçilə bilməz" redaktəsinin "müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını" nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan Prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişikliyin edilməsi planlaşdırılır. Bura, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququnun verilməsi, şəxsin istəyi olmadan video və ya audio qeydlərin aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki mahiyyətli müddəalar daxildir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti