...

Azərbaycanda turizm sahəsinin inkişafı ilə əlaqədar Naftalan şəhərinin inzibati ərazisi genişləndirilir

Siyasət Materials 10 Aprel 2009 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı 10 aprel  / Trend , müxbir C.Babayeva /

Azərbaycanda turizm sahəsinin inkişafı ilə əlaqədar Naftalan şəhərinin (paytaxt Bakıdan 320 kilometr qərbdə) inzibati ərazisi genişləndirilir.

Trend -un məlumatına görə, Azərbaycan Milli Məclisinin (parlament) Regional məsələlər üzrə daimi komissiyasının cümə günü keçirilən iclasında Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

Trend -un arayışı: Naftalan nefti öz bioloji təsirinə görə dünya praktikasında analoqu olmayan orijinal və özünəməxsus bir məhsuldur. Bu neftin əsasında böyük miqyasda müalicəvi preparat - "ağ naftalan" adlandırılan qətransızlaşdırılmış naftalan istehsal edilir.

Qətransızlaşdırılmış naftalan nativ naftalan neftindən alınan müalicəvi preparatdır. Qətransızlaşdırılmış naftalan bir çox xəstəliklərdə əvəzolunmaz müalicəvi təsir göstərir.

Komissiyanın sədri, millət vəkili Arif Rəhimzadə deyib ki, son vaxtlar Azərbaycanda turizmin inkişafına böyük diqqət yetirilir. "Dövlət başçısı Naftalanda olarkən kurort tikintisi ilə əlaqədar şəhərin genişləndirilməsi ilə bağlı göstəriş verib. Qanun layihəsinə əsasən, Goranboy rayonunun Qasımbəyli, Tatarlı və Qaşaltı Qaraqoyunlu kəndlərindən 574,82 hektar torpaq sahəsinin Naftalan şəhərinin inzibati ərazisinə verilməsi nəzərdə tutulur", - Rəhimzadə bildirib.

Regional məsələlər üzrə daimi komissiyada həmçinin Bərdə rayonunun Dilənçilər kəndinin adının dəyişdirilməsi haqqında qanun layihəsi müzakirə olunub. Layihəyə əsasən, Dilənçilər kəndinin Çəmənli kəndi adlandırılması nəzərdə tutulur. Hər iki qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti