...

Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu Cənubi Qafqaz regionunun təhlükəsizliyi üçün təhlükədir – Azərbaycanın İsveçdəki səfiri

Siyasət Materials 15 Aprel 2009 19:14 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu Cənubi Qafqaz regionunun təhlükəsizliyi üçün təhlükədir – Azərbaycanın İsveçdəki səfiri

İsveç, Stokholm, 15 aprel / Trend , müxbir C.İskəndərli /

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu Cənubi Qafqaz regionunun təhlükəsizliyi və sabitliyi üçün təhlükədir", - Aərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Rafael İbrahimov bu gün İsveç parlamenti deputatları ilə görüş zamanı deyib.

"Münaqişəni tez-tez dondurulmuş adlandırırlar. Təcrübə göstərir ki, "dondurulmuş" anlayışı etibarsız və dəyişkən olduğundan münaqişə yenidən alovlana bilər", - İbrahimov qeyd edib. Bu barədə Trend -a səfirlikdən bildiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Səfir Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsini, bir milyondan artıq qaçqının olmasını və münaqişənin bütün aspektlərini ətraflı şəkildə işıqlandırıb.

Diplomat isveçli deputatların nəzərinə çatırıb ki, Azərbaycanın siyasəti dəyişməzdir: işğal alğtında olan torpaqlar azad edilməyincə və azərbaycanlı qaçqınlar yurd-yuvalarına dönməyincə Ermənistanla hər hansı bir əməkdaşlıqdan söhbət gedə bilməz.

İbrahimov ətraflı şəkildə Azərbaycanın iqtisadi inkişafı, enerji siyasəti, iri neft və qaz layihələri, eləcə də enerji resurslarının Azərbaycandan Avropaya nəqli barədə məlumat verib.

Səfir onu da qeyd edib ki, münaqişənin mövcudluğu enerji-nəqliyyat dəhlizlərinin fəaliyyəti üçün də təhlükəlidir.

"Hazırda biz Bakı-Axalkalaki-Qars dəmiryolu layihəsi üzərində çalışırıq. Dəmiryolunun salınması malların nəqlini artırmaqda yardımçı olacaq", - İbrahimov deyib.

Azərbaycanın İsveçdəki səfiri Azərbaycanın Avropa ittifaqı ilə iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığa sövq edən İsveç-Polşa "Şərq tərəfdaşlığı" təşəbbüsünü yüksək qiymətləndirib.  

Polşa və İsveç şərq qonşularına dair yeni siyasət təklif ediblər. Çoxmillətli forum şəklində olan "Şərq tərəfdaşlığı"na Aİ-nin 27 dövləti və Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan daxil olacaq.

"Məndən ötrü ən önəmli olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə İsveç parlamentarilərinə məlumat vermək idi", - ibrahimov Trend agentliyinə çıxış bitəndən sonra bildirib.

"Bu baxımdan görüş çox faydalı alındı. Görüşdə İsveçin ictimai rəyini formalaşdıran şəxslər iştirak edirdi", - səfir qeyd edib.

Görüş Azərbaycan səfirliyinin təşəbbüsü ilə təşkil olunub və İsveçin AŞPA-dakı nümayəndəsi Yoran Lindbled tərəfindən dəstəklənib.    

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti