...

İran Parlamentinin nümayəndələri Əhmədinejadın "Durban 2" iclasındakı çıxışını dəstəkləyib

Siyasət Materials 21 Aprel 2009 16:03 (UTC +04:00)
İran Parlamentinin nümayəndələri Əhmədinejadın "Durban 2" iclasındakı çıxışını dəstəkləyib

İran Parlamentinin 210 nümayəndəsi bəyanat yayaraq İran Prezidenti Mahmud Əhmədinejadın Cenevrədə keçirilən BMT-nin "Durban 2" irqçilik əleyhinə konfransında İsrail əleyhinə olan çıxışını dəstəkləyiblər. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

İran Parlamentinin nümayəndələri İran Prezidentinin çıxışı zamanı bəzi nümayəndələrin konfransı tərk etməsini "sionist rejiminin himayədarları tərəfindən qabaqcadan hazırlanmış plan" kimi dəyərləndirərək bu addımı pisləyiblər.

Bəyanatda bildirilir: "Sionist rejimi tərəfindən Qəzzada qadınlar və uşaqlara qarşı törədilən qətliam hələ dünya ictimaiyyətinin yaddaşından çıxmamış Durban 2 iclası keçirilib. Təssüflər olsun ki, bu irqçilik cinayətinin qarşısında ABŞ-ın "dəyişikliklər" şüarı ilə yeni seçilmiş Prezidenti və beynəlxalq təşkilatlar, o cümlədən BMT TŞ heç bir addım atmadı".

"Biz - İran Parlamentinin nümayəndələri hörmətli İran Prezidentinin mövqeyini hərtərəfli dəstəkləyir və sionist rejimi və onun hamiləri tərəfindən qabaqcadan hazırlanmış hərəkətləri pisləyirik", - bəyanatda bildirilir.

BBC-nin məlumatına əsasən, BMT-nin irqçilik əleyhinə "Durban 2" konfransı aprelin 20-də Cenevrədə keçirilib. İran Prezidenti Əhmədinejadın iclasdakı çıxışı BMT Baş katibi, Qərb ölkəri başçıları və İsrail rəsmilərinin etirazına səbəb olub.

Əhmədinejad "qalmaqallı" çıxışında İsrail hökumətini irqçi və saxta dövlət adlandırıb: "Xolokost bəhanəsi ilə hücum edərək bir xalqı (Fələstin xalqını) didərgin edib, ABŞ, Avropa və digər ölkələrdəki yəhudiləri həmin regiona gətirərək saxta dövlət qurublar".

Konfransda iştirak edən Avropa İttifaqına üzv olan 23 ölkə nümayəndəsi, o cümlədən Aİ-nin hazırki sədri olan Çexiya nümayəndəsi də Əhmədinejadın bu çıxışına etiraz edərək konfransı tərk ediblər.

Xəbər lenti

Xəbər lenti