...

İsrail müharibəyə hazırlaşır? - Trend News-un icmalçısı

Siyasət Materials 26 Aprel 2009 08:44 (UTC +04:00)
İsrail müharibəyə hazırlaşır? - Trend News-un icmalçısı

Trend -un Yaxın Şərq redakiyasının icmalçısı Ülviyə Sadıxova

Aviqdor Libermanın fələstinlilərlə danışıqlarda mövqeyi Yaxın Şərqdə yeni müharibəyə hazırlıq səhnəsini xatırladır, hansı ki, İsrail regionda bütün rəqibləri məhv etmək fikrindədir. İstisna deyil ki, bu müharibəni İsrail təkbaşına aparmaq məcburiyyətindədir.

Bu həftə müstəqil Fələstin dövlətinin qatı əleyhdarı, "İsrail - Bizim Evimiz" partiyasının lideri və xarici işlər naziri Liberman ərəb dünyasıın son sülh şansı olan "Ərəb sülh təşəbbüsü"ndən imtina etdi.

Özünün adlandırdığı kimi "İsraili məhv etmək resepti"ni rədd etdikdən sonra Liberman bildirmək istədi ki, sol qüvvələrin ötən iqtidar dönəmindən fərqli olaraq sülh prosesində daha ABŞ "musiqi" sifariş etmir. Barak Obama ilk dəfə ABŞ-ı ziyarət edən birinci ərəb lideri İordaniya kralı İkinci Abdulla ilə görüş zamanı "Ərəb sülh təşəbbüsü"nü hazırda Fələstin-Ərəb-İsrail danışıqlarında ən konstruktiv adlandırıb.

Libermanı təəcübləndirən təşəbbüsdə yer alan bir milyon fələstin qaçqınının İsrail tərəfindən işğal olunmuş torpaqlara qayıtmaq hüququdur. Bu da o deməkdir ki,  Qərb sahilində yəhudi yaşayış məntəqələrinin inşasına son qoyulmalıdır.

Hələ seçkiqabağı təşviqət vaxtı İsrail KİV-də Libermanın XİN rəhbəri portrfelinə yiyələnəcəyi halda Qərb sahilində yəhudi yaşayış məntəqələrinin 40-70% arasında genişləndirəcəyi barədə söz verdiyi məlumatı dərc olunub.

Libermanın mövqeyində müsbət olan odur ki, XİN rəhbəri Annapolisdəki sülh prosesinin, Ərəb təşəbbüsünün və ABŞ-la Avropanın vasitəçiliyilə danışıqların boş yerə vaxt sərfi oluğunu açıq şəkildə bildirdi. Liberman ABŞ və fələstinliləri Ehud Olmert hakimiyyəti ilə aparılan danışıqların fiaskoya uğradığını qəbul etməyə və yeni plan işləməyə çağırdı.

Sülh prosesinin uğursuzluğa düçar olmasına sübut isə Qəzza zolağında aparılan sonuncu İsrail-HƏMAS müharibəsidir. Baxmayaraq HƏMAS-ın aramsız raket zərbələri İsraili müharibəyə əl atmağa vadar etdi, bunu da unutmayaq ki, Fələstin hökumətinin bir hissəsi olan hərəkatı əhalinin böyük qismi dəstəkləyir. Bu səbəbdən Olmert və Abbas arasındakı danışıqlar nəticə versəydi İsrail qeyri-hərbi yolla HƏMAS-ın öhtəsindən gələ bilərdi.

Lakin Liberman təklif edir ki, köhnəlmiş şərtlər və səylər şəraitində sülh müqaviləsindən imtina edib hər şeyi sıfırdan başlayaraq gələcək Fələstin dövləti üçün yeni baza - sabit iqtisadiyyat və təhlükəsizlik xidməti yaratmaq lazımdır.

İsraili qorxudan əsas məsələ HƏMAS-ın hərbi infrastrukturlarına dəyən ağır zərbələrə, İrandan və digər kanallardan Qəzzaya daxil olan silah təchizatının qarşısının alınmasına baxmayaraq hərəkatın regionun təhlükəsizliyi üzərində nəzarəti əldən verməməsidir. İsrail anlayır ki, HƏMAS-ın FƏTH üzərində olan hərbi üstünlüyü hərəkatın 2010-cu ildə keçiriləcək prezident seçkilərində qələbə çalmasını təmin edə bilər.

Lakin Libermanın sülh prosesi ilə bağlı "səmimiliyi" ərəb və qərb dünyasında ajiotaja səbəb oldu. Çünki onlar İsrailin güman etdiyi kimi sülh danışıqlarında dəyişikliklərə hazır deyillər.

Birincisi, iqtisadi böhranın həlli, İraqdakı hərbi əməliyyatlar və Əfqanıstanda möhkəmlənmək ABŞ üçün ağır yükdür. Belə problemlərlə baş-başa qalan Vaşinqton üçün ən rahatı Fələstin-İsrail danışıqlarında əvvəlki şərtlərlə razılaşmaqla yaxa qurtarmaqdır. Bundan əlavə Barak Obamanın Türkiyəyə səfəri - yeri gəlmişkən, müsəlman ölkəsinə ilk səfər - onun müsəlman dünyası ilə əlaqələrin sahmana salınmasına can atdığını göstərdi və bunun yolu Fələstin problemi ilə birbaşa əlaqəlidir.

Libermanın bəyanatı ikibaşlıdır: sülh prosesini yeni səhifədən başlamaq - buna ABŞ və ərəb ölkələrinin nə vaxtı, nə gücü, nə də ki, pulu var və yaxud hər şeyi hərbi yolla həll etmək.

Netanyahu ABŞ-la strateji tərəfdaşlıq naminə Libermanın mövqeyi məsələsində susmağa üstünlük versə də yaxın vaxtlarda baş nazir danışıqlardakı mövqeyini ortaya qoymalıdır. "Nə sülh olsun, nə müharibə" kimi vəziyyət tərəflərin heç birini qane etmir: nə İsrail siyasi dairələrini, nə də ərəb dünyasını.

Misir əbəs yerə İsrail Baş nazirini Qahirəyə dəvət etmir. Məqsəd Baş nazir Netanyahunun düşündüklərini öyrənmək və İsraillə əlaqələrdə konkret addımlar atmaqdan ibarətdir.

Netanyahunun sülh prosesinin bitirilməsi mövzusunda Libermana dəstək çıxacağı istisna deyil. Çünki Baş nazir başa düşür ki, İsrailin hazırki hökuməti qeyri-stabil hökumətlərdən biridir. Bir çox analitiklər İsrailin yeni hökumətinin bir ildən çox fəaliyyət göstərməyəcəyini proqnoz edirlər.

Bu səbəbdən Liberman tezliklə sülh prosesi ilə bağlı oyunlara son qoymaq və İsrail maraqlarının qorunması istiqamətində konkret addımlar atmaq istəyir. Özü də belə bir vaxtda ki, ölkə üzərində İranın nüvə proqramı təhlükəsi var. İlkin olaraq İranın regionda dayağı olan HƏMAS-la bağlı məsələni həll etmək lazımdır. İsrail və ərəb dairələrində başa düşürlər ki, HƏMAS 90-cı illərin əvvələridə olduğu kimi azadlıq uğrunda mübarizə aparan dəstədən yaxşı təşkilatlanmış siyasi partiyaya çevrilib.

Baxmayaraq ki, Qərb meyilli ərəb ölkələri HƏMAS-ı İsraillə danışıqlarda hakim FƏTH-lə eyni mövqedən çıxış etməyə səsləyirlər onlar başa düşürlər ki, İsrailə real olaraq yalnız HƏMAS hərbi müqavimət göstərə bilər.

Regionda çoxdan gözlənilən sülhlə bağlı beynəlxalq müzakirələr aparılan zaman hərəkat Livandakı müttəfiqi "Hizbullah" vasitəsilə İrandan gətirilən silahlarla arsenalını zənginləşdirirdi.

Avropa onu da anlayır ki, nə qədər çox HƏMAS-ın üstünə getsələr bir o qədər regionda sülhə çatmaq müşkül olacaq. Bir müddət öncə "Hizbullah"la danışıqlara başlayacağını bildirən Britaniya indi HƏMAS-la danışıqlar aparmaq niyyətindədir. HƏMAS siyasi bürosunun rəhbəri Xalid Maşaal Londona səfər edəcək, ərəb KİV-ri xəbər verir.

Bundan əlavə, ABŞ Dövlət katibi Hillari Klintonda HƏMAS-la danışıqların mümkünlüyündən danışıb. Bir şərtlə ki, hərəkat İsraili yəhudi dövləti kimi tanısa. Hərəkat üzvləri Klintonun təklifini rədd etsələr də HƏMAS-la danışıqların qaçılmaz olduğunun ABŞ tərəfindən başa düşüldüyü ortadadır.

İsrail fələstinlilərlə yeni müharibəyə cürət etsə Tel-Əviv yalnız öz gücünə arxalanmalıdır. Avropa ölkələri Qəzzada yeni müharibə başlayacağı halda İsrailə heç bir yardım etməyəcəklərini açıq bildirdilər.

Norveç vəkilləri Qəzzada aparılan döyüşlərdə İsrailin qadağan olunmuş silahlardan istifadə etdiyinə görə Olmert hökumətinə qarşı iddia qaldırıb. İsveç XİN nümayəndəsi Robert Ryudberq isə bildirib ki, İsrail Fələstin dövlətinin yaranmasının əleyhinə çıxarsa Aİ onlarla əlaqələri dondura bilər.

Gözləilməz sürprizi isə Böyük Britaniya təqdim etdi. London İsrailə silah təchizatı məsələsinə yenidən baxacağını bildirib. Britaniya XİN rəhbəri Devid Milibend deyib ki, İsraillə müdafiə saazişləri sonuncu hərbi münaqişə nəzərə alınaraq həyata keçiriləcək.

Bu baxımdan israil hər şeyi ölçüb-biçdikdən sonra HƏMAS-la bağlı qərar verəcək.

İndi ölkə seçim qarşısındadır - Aİ ilə iqtisadi, ABŞ-la hərbi əməkdaşlığı saxlamaq, yoxsa rəqib HƏMAS-ı növbəti duelə çağırmaq.

Nəzərə alsaq ki, İran özü İsraillə müharibədən imtina etməzdi Tel-Əviv regionda İranın üstünlüyünə son qoymağı seçər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti