Azərbaycan, Bakı, 08 may / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi polis rəsinin planlaşdırdığı ağır cinayətin qarşısını alıb.
Azərbaycan vətəndaşları Ağamirov İbrahim Miriş oğlu, Quliyev Bulud İnqilab oğlu, Cəlilov Şahbaz İsmayıl oğlu və Ələkbərov Ələkbər Rövşən oğlu bu ilin aprel-may aylarında əvvəlcədən əldə olunmuş razılığa əsasən Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini Rüstəmov Füzuli Yəhya oğluna külli miqdarda ziyan vurmaq məqsədilə ona məxsus əmlakı yandırmaq və partlatmaq yolu ilə məhv etməyə cəhd göstərib və onun qəsdən öldürülməsi üçün hazırlıq işləri görüblər, nazirliyin İctimaiyyətlə Əlaqə Mərkəzindən cümə günü Trend -a bildiriblər.
Müəyyən edilib ki, Ağcabədi rayon polis şöbəsinin istintaq bölməsinin rəisi polis mayoru İbrahim Ağamirov xidmət etdiyi ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Füzuli Rüstəmovla aralarındakı şəxsi münasibətlər zəminində ondan qisas almaq niyyətilə Rüstəmovun rayonun girəcəyində yerləşən "Yəhya-Petrol" yanacaq doldurma məntəqəsini yandırmaq və partlatmaq yolu ilə ona külli miqdarda ziyan vurmaq, bundan sonra isə onu öldürmək qərarına gəlib.
Ağamirov bu məqsədlə tanışı, Ağcabədi Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri vəzifəsində işləyən Ağcabədi rayon sakini Bulud Quliyevə yanacaq doldurma məntəqəsini yandırmağı və partlatmağı, bundan sonra isə Füzuli Rüstəmovu öldürməyi sifariş verib.
Quliyev sifarişin icrası üçün tanışı, qəsdən adamöldürmə cinayəti törətdiyinə görə əvvəllər məhkum olunmuş Şahbaz Cəlilov ilə Bakı şəhərində görüşərək yanacaqdoldurma məntəqəsini partlatmağı və qətli törətməyi ona tapşırıb və bunun müqabilində 3 min, qətl üçün isə 10 min ABŞ dolları verəcəyini vəd edib.
Cəlilov tanışı, əvvəllər məhkum olunmuş Ələkbər Ələkbərova həmin cinayətkar razılaşma barədə bildirib və bu cinayətin müqabilində onlara ödəniləcək 3 min ABŞ dollarından 1 minini özünə götürəcəyini, 2 min ABŞ dollarını isə ona verəcəyini vəd edib.
Quliyev və Ələkbərov qeyd olunan yanacaq doldurma məntəqəsinin mayın 2-də gecə saat 01:03 radələrində yandırılması və partladılması barədə razılaşıblar.
Bulud Quliyev ilkin olaraq "Yəhya-Petrol" yanacaq doldurma məntəqəsini yandırmağı və partlatmağı Ələkbər Ələkbərova tapşırıb və bu işin görülməsi üçün ona 500 ABŞ dolları məbləğində beh verib, pulun qalan hissəsini isə tapşırıq icra edildikdən sonra ödəyəcəyini vəd edib.
Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi qabaqlayıcı əməliyyat tədbirləri ilə bu təhlükəli cinayətin qarşısı vaxtında alınıb, onu törətmək istəyən şəxslər yaxalanıblar.
Şahbaz Cəlilov tərəfindən qardaşı Elşən Cəlilovun yaşadığı Bakı şəhərindəki mənzildə gizlədilmiş 1 ədəd "Makarov" tipli tapança, ona aid 1 ədəd tapança darağı və 20 ədəd patron sonuncu tərəfindən könüllü olaraq təhvil verilib.
Şahbaz Cəlilovun özünün yaşadığı Bakı şəhərindəki mənzilindən 14 ədəd 5,45 mm çaplı avtomat patronu, Ələkbər Ələkbərovun üzərindən 1 ədəd "RQD-5" tipli əl qumbarası, 1 ədəd "UZRQM" tipli qumbara alışdırıcısı və cinayətin törədilməsi məqsədilə beh kimi Bulud Quliyevdən qəbul etdiyi 500 ABŞ dolları aşkar edilərək götürülüb.
Faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 28,120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürməyə hazırlıq), 28,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə adam öldürməyə hazırlıq), 29,186.2.1-ci (özgənin əmlakını qəsdən məhvetmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törətməyə cəhd) və 29,186.2.2-ci (özgənin əmlakını qəsdən məhvetmə, zədələmə və yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törətməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
İbrahim Ağamirov, Bulud Quliyev, Şahbaz Cəlilov və Ələkbər Ələkbərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]