...

İranda növbəti prezident sekçilərində namizədlərin çıxışları – tənqid, yoxsa təxribat?

Siyasət Materials 15 May 2009 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir T.Cəfərov /

"İranda prezidentliyə namizədlərin bəyanatında Əhmədinejada qarşı münasibətlər təxribat xarakteri daşıyır", - Parlamentin Təhlükəsizlik Komissiyasının sədr müavini İsmail Kövsəri Trend -a bildirib. Lakin İranın sabiq DİN rəhbəri Möhtəşəmipur hesab edir ki, hazırkı Prezident Mahmud Əhmədinejada qarşı verilən bəyanatlar tamamilə normal tənqiddir.

İRNA agentliyinin mayın 15-də verdiyi məlumata əsasən, İranın mədəniyyət naziri Səffar Herəndi jurnalistlərə açıqlamasında bildirib ki, Əhmədinejadın prezidentliyi dövründə neftdən gələn 300 milyard dollar gəlirin yoxa çıxması barədə fikirlər yayılıb. Bu bəyanatdan bir gün əvvəl prezidentliyə namizəd Mir Hüseyn Musəvi öz bəyanatında bildirmişdi ki, ölkədə qanunsuzluq hakimdir və son dörd ildə 300 milyard dollar neft gəlirlərinin haraya xərcləndiyini heç kim soruşmur və hakimiyyət də özündə bu məsələyə aydınlıq gətirməyə məsuliyyət hiss etmir.

Əhmədinejadla prezident seçkilərində rəqabətdə olan eks-spiker Mehdi Kərrubi də cümə axşamı verdiyi bəyanatda İran Prezidentini sərt tənqid edərək, onun xarici siyasətini uğursuz və təhlükəli hesab etmişdi. "Prezident olsam, (Əhmədinejaddan fərqli olaraq) dünyanı deyil, öz ölkəmi idarə etməyə çalışacağam, ölkəmin dünyadan təcrid olunmasına imkan verməyəcəyəm", - Kərrubi bildirmişdi. Əhmədinejadı sırf reformistlər deyil, həm də eyni düşərgədən olan konservativ namizəd Möhsün Rezayi də tənqid edib. "Əhmədinejad ölkəni uçuruma aparır", - Rezayi bildirib.

İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi mayın 13-də Kürdüstan əyalətində çıxışı zamanı Əhmədinejada qarşı tənqidlərin əsassız olduğunu bildirmişd."Hamıdan çox nənim hakimiyyətin yürütdüyü siyasətdən xəbərim var və deyilən tənqidlər ədalətli deyil", - Xamenei bildirmişdi.

Parlamentin Təhlükəsizlik Komissiyasının sədr müavini Kövsəri hesab edir ki, İranda keçiriləcək prezident seçkilərində iştirak edən namizədlər tərəfindən Əhmədinejad hökumətinin çəkdiyi zəhmətlərə qarşı təxribat xarakterli çıxışlar insafsızlıqdır.

Onun fikrincə, belə hərəkətlər yalnız Əhmədinejada deyil, həmin namizədlərin özlərinin ziyanına olacaq. "İran xalqı dəqiq və insaflı hökumətin çəkdiyi zəhmətləri görür. Bu səbəbdən də yaxşı olardı ki, namizədlər xalqa öz platformalarını açıqlasınlar və hökumətə qarşı təxribat xarakterli çıxışlar etməsinlər. Namizədlərin Əhmədinejada qarşı hansısa tənqidləri varsa, bu tənqid konstruktiv olmalıdır", - konservativlər düşərgəsindən olan Kövsəri telefonla Tehrandan bildirib.

Əhmədinejadı müdafiə edən mühafizəkarlar düşərgəsinin bəyanatlarına rəğmən, müxalifətdə olan qüvvələr də yeri gəlmişkən Əhmədinejad tərəfdarlarının rəqiblərə qarşı təxribat xarakterli çıxış etmələrini iddia edirlər. Keçən həftə, İranın ali dini rəhbərinin "Keyhan" qəzetindəki nümayəndəsi Hüseyn Şəriətmədari ilə prezidentliyə namizəd Kərrubi arasında gərgin mübahisə yaranmışdı. Kərrubi hakimiyyətə bağlı olan İran İnqilabçılar Korpusunu (Sepah) seçkilərə qanunsuz müdaxilə etməkdə, həmçinin hakimiyyətə bağlı mediaları digər nümayəndələrə qarşı təxribat törətməkdə ittiham etmişdi.

İranda seçkilər Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Sabiq DİN rəhbəri Əliəkbər Möhtəşəmipur Trend -a Tehrandan bildirib ki, namizədlərin Əhmədinejad hakimiyyəti ilə bağlı bəyanatları tamamilə düzgündür və bu onların haqqıdır.

"Namizədlərə qarşı sərt tənqidlərin edilməsi onlara qarşı qara piarın aparılması demək deyil. Hər bir demokratik ölkədə dövlətə qarşı sərt tənqidlər mövcuddur. Tənqidlərin olmaması ölkədə də demokratiyanın olmaması deməkdir", - hazırda İran Ruhanilər Şurasının üzvu olan Möhtəşəmipur hesab edir.

Lakin, Kövsəri hesab edir ki, namizədlərin sərt bəyanatları İran İslam İnqilabına zərbə ola bilər, çünki onların özü də bir zaman yüksək rütbəli rəsmi şəxslər olublar. Onun fikrincə, hazırda namizədliyini irəli sürmüş şəxslər ötən illərdə vəzifələrdə olublar. "Əgər həmin dövrərdə onlara qarşı bu piar aparılsaydı necə olardı? Onlar bu barədə fikirləşməlidirlər və bir neçə artıq səs toplamaq üçün bu cür hərəkətlər etməməlidirlər", - Parlament nümayəndəsi Kövsəri hesab edir. Lakin Möhtəşəmipurun fikrincə, tənqid normal qəbul olunmalıdır. "Tənqid müxtəlif cür ola bilər, biri mülayim şəkildə tənqid edir, digəri isə bir az sərt. Bu tənqiddir, qara piar deyil və milli mənafeyə zərbə kimi hesab olunmamalıdır", - Möhtəşəmipur bildirib.

Prezident seçkilərində əsas rəqiblər İran Prezidenti Mahmud Əhmədinejad, İran İnqilab Qvardiyasının sabiq komandiri Möhsün Rezayi, Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi və İranın sabiq Baş naziri Mir Hüseyn Musəvidir.

İranda prezident seçkiləri 4 ildən bir keçirilir. Prezidentliyə namizədlər Nəzarət Şurası (Şuraye Negəhban) tərəfindən təsdiqləndikdən sonra seçki prosesinə qatıla bilərlər. Prezident seçilən şəxs ali dini rəhbər tərəfindən təsdiqləndikdən sonra status əldə edir. Ali dini rəhbərdən sonra ikinci səlahiyyətli şəxs olan prezident bütün icra aparatına nəzarət edir, xarici və daxili siyasət kurslarını müəyyənləşdirir.

İranda növbəti prezident seçkiləri 2009-cu il iyunun 12-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti