Azərbaycan, Bakı, 21 may / Trend , müxbir C.Babayeva /
Amerika Birləşmiş Ştatlarının Avropadakı Silahlı Qüvvələrinin komandanı, general Con Kraddok cümə axşamı Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə keçirdiyi görüşdə Cənubi Qafqazda gərgin vəziyyətin aradan qaldırılmasının vacib olduğunu qeyd edib.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Əbiyev bəyan edib ki, işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan Silahlı Qüvvələri geri çəkilməyincə, münaqişənin silaha əl atılmadan dinc yolla nizama salınması mümkün olmayacaq.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
"Avropa və Minsk Qrupnun həmsədr ölkələri işğalçı dövlət olan Ermənistana təsir tədbirlərini gücləndirməlidirlər. Əks təqdirdə, arzu olunmaz proses qaçılmazdır", - deyə nazir bildirib.
Müdafiə Nazirliyinin cümə axşamı yayılan məlumatında bildirilir ki, amerikalı general səfər zamanı Azərbaycan rəhbərliyinə İraq, Əfgənistan və Kosovodakı əməliyyatlara, həmçinin terrorizmə qarşı mübarizənin müxtəlif cəbhələrindəki fəaliyyətlərə verdiyi töhvəyə görə ABŞ-ın dərin təşəkkürünü çatdırıb.
ABŞ-ın Avropa Komandanlığının komandanı, general Kraddok 20-21 may tarixlərində Bakıda Azərbaycan rəhbərliyi ilə regional təhlükəsizlik məsələlərini müzakirə edir.
1997-ci ildə Azərbaycan Milli Ordsu tərkibində sülhməramlı dəstə, daha sonra isə sülhməramlı batalyon yaradılıb. İraqın çoxmillətli qüvvləri tərkibində Azərbaycan Silahlı Qüvvələrinin 150, Kosovoda isə 34 hərbçisi xidmət göstərib. Azərbaycan hərbçiləri Kosovonun 18 kəndinə nəzarət edib. Azərbaycanın Kosovodakı sülhməramlı dəstəsi Türkiyə sülhməramlı qüvvələri tərkibində fəaliyyət göstərib. Kosovonun müstəqil elan olunmasından sonra Azərbaycan öz siyasi əqidəsi nöqteyi-nəzərindən sülhməramlılarını oradan geri çağırıb.
2008-ci ilin oktyabr ayında Azərbaycan parlamenti Əfqanıstanda xidmət edən sülhməramlı qüvvələrin sayının iki dəfə artırılması barədə qanun layihəsi qəbul edib. Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Kömək Qüvvələri strukturunda 90 Azərbaycan hərbçisi xidmət çəkir. Bu əsgərlər Kabildə patrul xidməti göstərirlər.
Ötən ilin noyabr ayının əvvəlində Azərbaycan missiyanın başa çatması səbəbindən İraqdakı sülhməramlılarını da geri çağırıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]