Azərbaycan, Bakı, 22 may / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində İrandan və Rusiyadan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınmasını həyata keçirən dəstə zərərsizləşdirilib.
MTN-in İctimai Əlaqələr Mərkəzindən cümə günü Trend -a bildiriblər ki, ifşa olunan şəxslərdən 18 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.
Bakı şəhər sakinləri - Gülmira Əliyeva və bacısı Elmira Rəhmanova, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətiriblər.
Məlum olub ki, Gülmira Əliyeva bacısı Elmira Rəhmanova ilə birgə İranın Məşhəd şəhərini ziyarət edib Azərbaycana qayıdan zaman İranın Astara şəhərində hazırda şəxsiyyəti istintaqla araşdırılan Cəmşid adlı İran vətəndaşından içərisində heroin olan iki bağlama alıblar. Gülmira Əliyeva və Elmira Rəhmanova həmin bağlamaları öz üzərlərində gizlədib, gömrük məntəqəsindən qanunsuz olaraq Azərbaycan ərazisinə keçirib və sonra ziyarətdən qayıtdıqları "Mersedes" markalı avtobusla Bakı şəhərinə gətiriblər. Onlar Bakı Dəniz Vağzalının yanında avtobusdan düşərkən saxlanılıb, baxış zamanı üzərlərindən 478,7 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Nazirliyinin keçirdiyi digər bir əməliyyat tədbiri nəticəsində "Azərbaycan-Rusiya" marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması cəhdinin qarşısı alınıb.
Gəncə şəhər sakinləri - Rəna Nəsirqızı və bacısı Mehriban Nəsirqızı onların Namiq adlı qardaşı oğlunun verdiyi narkotik vasitələri öz üzərlərində gizlədib "Mersedes" markalı avtobusla Rusiyanın Moskva şəhərinə hərəkət edərkən saxlanılıb, baxış zamanı 6 kiloqarmdan artıq narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb.
MTN-nin keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr daşıyan Azərbaycan vətəndaşı Rais Heydərov və İran vətəndaşı Behzad Dadigər saxlanılıb, onlardan 12 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Məlum olub ki, Behzad Dadigər hazırda şəxsiyyəti istintaqla araşdırılan Abdulla adlı həmyerlisi ilə birgə içərisində heroin gizlədilmiş 20 ədəd polietilen kisəni yük maşını vasitəsilə İrandan Azərbaycana göndəriblər.
Bundan sonra Abdullanın göstərişinə əsasən Dadigər Bakı şəhərinə gəlib və burada Rais Heydərovla görüşmək barədə razılaşıblar. Abdulla Behzad Dadigərə götürəcəyi narkotiklərin bir hissəsini Rais Heydərova, qalan hissəsini isə sonradan özünün deyəcəyi şəxsə verməyi tapşırıb. Əvvəlcədən əldə olunan razılığa əsasən Behzad Dadigər Rais Heydərovla "Azneft" adlanan meydanda görüşüb və onlar sonuncunun idarə etdiyi "Infiniti" markalı avtomobildə "Sədərək" Ticarət Mərkəzinə gəliblər. Onlar qeyd olunan 20 ədəd kisənin saxlanıldığı anbardan 2 ədəd kisəni götürüb Bakı şəhərinə qayıdarkən saxlanılıb. Avtomobilə keçirilmiş baxış zamanı gizlədilmiş həmin kisələrin içərisindən 4 kiloqrama yaxın heroin aşkarlanıb. Bundan sonra qalan 18 kisənin saxlanıldığı anbara keçirilmiş baxış nəticəsində də həmin kisələrin içərisindən əlavə daha 8 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Hər üç faktla bağlı başlanılmış cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]