Suriya, Dəməşq, 25 may / Trend , xüsusi müxbir Ü.Sadıxova /
İslam Konfransı Təşkilatı (İKT) İslam ölkələrində münaqişələrin həlli və sülhün bərqərar olması mexanizminin işlənməsi üçün yeni addımların atılma imkanlarını nəzərdən keçirir. Bu barədə Trend -a İKT-nın Baş katibi Ekmələddin İhsanoğlu bildirib.
"Fələstin, Dağlıq Qarabağ, Somali və Kəşmirdəki münaqişələr üzrə müəyyən edilən siyasətlərlə yanaşı, biz konkret yanaşmaları nəzərdən keçiririk, bunun üçün mexanizmlər işləmək lazımdır", - deyə bazar günü İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin iclasının keçirildiyi Dəməşqdə İhsanoğlu bildirib.
Onun sözlərinə görə, nazirlərin bazar günü keçiriləcək qapalı iclası münaqişələrin həllində yeni planların hazırlanması və yeni addımların atılmasına həsr olunacaq.
İclasda xarici işlər nazirləri İslam ölkələrinə - Fələstin, İraq və Əfqanıstana maddi və siyasi yardımın göstərilməsində gələcək planları nəzərdən keçirirlər.
"Biz Azərbaycanın erməni işğalına qarşı müqavimətini dəstəkləyirik və qoşunların işğal olunmuş torpaqlardan çıxarılmasını tələb edirik", - deyə İhsanoğlu bildirib.