Azərbaycan, Bakı, 26 may / Trend , müxbir A.Hüseynbala /
Azərbaycan parlamenti (Milli Məclis) Ombudsmanın bir dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Trend -un məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya qanununa dəyişikliklər edilməsi ilə bağlı Konstitutsiya qanunu 102 səs çoxluğu ilə qəbul edilib.
Trend -un arayışı: Qanuna dəyişiklik edilməsi barədə 63-dən çox deputatın imzası ilə parlamentə müraciət daxil olub. 4.2-ci maddəyə edilən dəyişiklikdə eyni şəxsin müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməməsi, 4.3-cü maddədə isə müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə, onun səlahiyyətlərinin icrasını davam etdirməsi göstərilib.
Konstitutsiyanın 156-cı maddəsində qeyd olunur ki, Konstitusiyaya əlavələr Milli Məclisdə 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir.
Bu qanunlar Milli Məclisdə iki dəfə səsə qoyulur. İkinci səsvermə birincidən 6 ay sonra keçirilir.
Konstitusiyaya əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra Prezidentə imzalanmaq üçün təqdim olunur.
Konstitusiyaya əlavələr haqqında Konstitusiya qanunları Prezident tərəfindən ikinci səsvermədən sonra imzalandıqda qüvvəyə minir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]