...

Nə bu gün, nə 10 ildən, nə 100 ildən sonra Dağlıq Qarabağ müstəqil dövlət olmayacaq - Azərbaycan Prezidenti (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 May 2009 11:32 (UTC +04:00)
Nə bu gün, nə 10 ildən, nə 100 ildən sonra Dağlıq Qarabağ müstəqil dövlət olmayacaq - Azərbaycan Prezidenti (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 may / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, danışıqlar masasında Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur və ola da bilməz.

"Bir daha bəyan etmək istəyirəm, çünki bu məsələ ilə əlaqədar vaxtaşırı müxtəlif spekulyasiyalar irəli sürülür. Nə bu gün, nə 10 ildən, nə 100 ildən sonra Dağlıq Qarabağ müstəqil dövlət olmayacaq. Azərbaycanın mövqeyi birmənalıdır. Bütün təzyiqlərə baxmayaraq, bu mövqeyi biz axıra qədər müdafiə edəcəyik", İlham Əliyev çərşənbə günü Respublika Günü ilə bağlı keçirilən rəsmi qəbulda çıxışı zamanı bildirib, AzərTAc dövlət Agentliyi məlumat yayıb.

Dövlət başçısı qeyd edib ki, bu gün danışıqlar daha da intensiv xarakter daşıyır. "Azərbaycan bütün dövrlərdə olduğu kimi, öz konstruktiv, ədalətli və beynəlxalq hüquqa əsaslanmış mövqeyini ortaya qoyur. Bu gün danışıqlar masasında işğal edilmiş bütün torpaqların Azərbaycana qaytarılması, bütün köçkünlərin öz doğma torpaqlarına qayıtması məsələsi dayanır", - İlham Əliyev çıxışında bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycan beynəlxalq mövqelərini yüksək dərəcədə möhkəmləndirə bilib.

"Biz dünya birliyinə inteqrasiya edirik, eyni zamanda, öz siyasətimizi milli maraqlar, dərin tarixi və mədəni əsaslar üzərində qururuq. Azərbaycanın xarici siyasəti çox açıqdır, aydındır. Biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı, ikitərəfli münasibətlərin inkişafında maraqlıyıq. Azərbaycan dünya birliyində etibarlı ölkə və tərəfdaş kimi tanınır. Son illərdə bizim dostlarımızın, müttəfiqlərimizin sayı böyük dərəcədə artıb", - Azərbaycanın dövlət başçısı qeyd edib.

İlham Əliyev təəssüflə bildirib ki, bütün səylərə baxmayaraq, Azərbaycan məsələnin həllinə nail ola bilməyib.

"Bunun tək səbəbi var - Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqlar prosesini süni şəkildə uzatmaq taktikası. Artıq heç kim üçün sirr deyildir ki, bu taktika Ermənistan tərəfindən istifadə olunur. Ancaq bu taktikanın axırı yoxdur. Məsələ ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Azərbaycan öz prinsipial, ədalətli və beynəlxalq hüquq normalarına əsaslanmış mövqedən əl çəkməyəcək. Biz geri bir addım atmayacağıq. Çünki dünya birliyi bizim mövqeyimizi dəstəkləyir, mötəbər beynəlxalq təşkilatların qərarları bizim tərəfimizdədir. Bəzi hallarda Ermənistan tərəfi xalqların öz müqəddəratını təyinetmə prinsiplərini ərazi bütövlüyü prinsipləri ilə bərabər, eyni səviyyədə göstərmək istəyir. Ancaq bu, yalnız məsələ ilə tanış olmayan, siyasətlə məşğul olmayan insanlar tərəfindən qəbul edilə bilər. Təsadüfi deyil ki, dünya ictimaiyyəti bu yanaşmanı inkar edir", - Azərbaycan prezidenti çıxışında vurğulayıb.

Prezident bildirib ki, Azərbaycan öz müdafiə gücünü daha da artıracaq.

"Bu məqsədlər üçün nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaq. Bəzi hallarda beynəlxalq ictimaiyyətdə belə bir fikir yaranır ki, Azərbaycan bu istiqamətdə çox böyük işlər görür və bu siyasət narahatlıq doğurur. Biz sadəcə olaraq, öz təbii hüququmuzdan istifadə edirik. Biz öz vəsaitimizi xərcləyirik. Azərbaycan xalqının zəhməti hesabına qazanılmış vəsaiti ordumuzun güclənməsinə sərf edirik. Bu gün Azərbaycanın artan iqtisadi qüdrəti bizə imkan verir ki, ordu quruculuğuna 2 milyard dollar vəsait xərcləyək. Bu rəqəm Ermənistanın bütün büdcəsinə bərabərdir. Növbəti illərdə Ermənistan ilə Azərbaycan arasında bu gün mövcud olan böyük uçurum daha da dərinləşəcək, genişlənəcək, Azərbaycan daha da qüdrətli dövlətə çevriləcək. Ermənistan isə öz işğalçı siyasəti nəticəsində bütün beynəlxalq layihələrdən təcrid olunmuş vəziyyətdə qalmalıdır və qalacaq", - dövlət başçısı əlavə edib.

Prezidentn sözlərinə görə, Azərbaycanın artan imkanları, dünyadakı əhəmiyyəti, nüfuzu və çox önəmli ölkəyə çevrilməsi, əlbəttə ki, bizim bütün mövqelərimizi gücləndirir.

"Biz bundan sonra da Ermənistanı bütün regional və qlobal layihələrdən təcrid etmək üçün öz siyasətimizi davam etdirəcəyik, o vaxta qədər ki, torpaqlarımız azad olunacaq", - İlham Əliyev nitqində deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti