...

AŞ PA Belarusun xüsusi qonaq statusunun bərpa edilməsini ölüm hökmünə moratorium tətbiq etməyənə qədər təxirə salıb

Siyasət Materials 23 İyun 2009 15:29 (UTC +04:00)

Fransa, Strasburq, 23 iyun / Trend , müxbir A.Məhərrəmli /

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Belarus Parlamentinin qurumda xüsusi qonaq statusunda iştirakını bərpa etmək məqsədi ilə aparılan müzakirələrin sonunda qərara alıb ki, Belarus hakimiyyəti ölüm hökmünə moratorium tətbiq etməyənə qədər parlament nümayəndə heyəti AŞ PA-ya xüsusi qonaq statusunda dəvət edilə bilməz.

Bu qərar qətnamə və tövsiyə xarakterli layihələrə edilən dəyişikliklərdən sonra verilib.

Bu barədə qərar çərşənbə axşamı AŞ PA-nın yay sessiyası çərçivəsində Belarusun AŞ PA-da xüsusi qonaq statusunda təmsil olunmasına dair İtaliyadan olan deputat Andrea Riqoninin "Belarusda vəziyyət" adlı məruzəsi ətrafında aparılan müzakirələrin sonunda qəbul edilib.

Müzakirələrdə əsas diqqət, Belarusun demokratiya, hüququn aliliyi və insan haqları sahəsindəki normalara riayət etməkdən uzaq olmasına baxmayaraq, Belarus hakimiyyətinin yaxın zamanlarda bu istiqamətdə həyata keçirdiyi önəmli tədbirləri nəzər alaraq, onunla siyasi dialoqun başlanması və davam etdirilməsinə yönəlib. Çıxışlarda müsbət dəyişiklərin davam etdirilməsini və Belarusun demokratiya yolunda irəliləməsini dəstəkləmək üçün siyasi dialoqun bərpa olunmasının əhəmiyyəti vurğulanıb. Bu statusun bərpa olunması Belarus rejiminin yox, onun xalqının mənafeyi üçün əhəmiyyətlidir.

Çıxışlarda habelə vurğulanıb ki, Belarusu Rusiya ilə sıx və "boğucu" münasibətlərdən qurtarmaq və Rusiyanın təsirindən çıxarmaq üçün Avropa Şurası ona "əl uzatmalıdır".

Deputatlar xüsusi qonaq statusunu bərpa edərkən, Belarus hakimiyyəti qarşısında bir çox şərtləri, o cümlədən ölüm hökmünə moratoriumun qoyulması, azad seçkilərin təmin edilməsi, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, sərbəst toplaşmaq, mətbuat və ifadə azadlıqlarının təmin edilməsi şərtlərini irəli sürüblər. Əsas şərt kimi Belarus hakimiyyətini qanuni tədbirlər görərək ölüm hökmünə de-fakto qoyulmuş moratoriumun qanunla təsbit olunmuş moratoriuma çevrilməsinə dəvət edib.  

Müzakirələrin sonunda məruzə səs çoxluğu ilə qəbul edilib və Belarusun AŞ PA-da xüsusi qonaq statusu bərpa edilib. Qeyd edək ki, əvvəlki xüsusi qonaq statusundan fərqli olaraq, quruma təkcə Belarus Parlamentinin nümayəndə heyəti deyil, eləcə də Belarus Parlamentində təmsil olunmayan müxalifət nümayəndələri sistematik olaraq dəvət ediləcək. Bu isə cəmiyyətdə demokratik qüvvələrin və sivil cəmiyyətin gücləndirilməsinə yardım edəcək.

Belarus 1992-1997 illərdə AŞ PA-da xüsusi qonaq statusunda təmsil olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti