...

Azərbaycan parlamentinin deputatı Azərbaycan və Türkiyəni regionda əsas söz sahibləri hesab edir

Siyasət Materials 10 İyul 2009 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan parlamentinin deputatı Azərbaycan və Türkiyəni regionda əsas söz sahibləri hesab edir.

"Azərbaycanla qardaş Türkiyənin münasibətlərinin daha da sıxlaşmasında maraqlı olmayan bəzi qüvvələr var. Bu qüvvələr nəinki dünən və bu gün, çox-çox əvvəllərdən mövcuddurlar", - Trend -un məlumatına görə, cümə günü Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası İşçi Qrupunun üzvü Qənirə Paşayeva hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına bildirib.

Paşayevanın sözlərinə görə, Azərbaycanla Türkiyənin münasibətlərini pozmağa çalışan qüvvələr bir an belə öz fəaliyyətlərindən qalmayıblar və bu, indi də davam etməkdədir. "Amma burada ən önəmlisi odur ki, həm Azərbaycan və Türkiyə dövləti, həm də bu ölkələrin insanları sözügedən qüvvələrin, güclərin öz maraqlarını həyata keçirməsinə imkan verməməlidirlər", - millət vəkili əlavə edib.

Onun bildirdiyinə görə, istər Türkiyənin, istərsə də Azərbaycanın bu regionda həyata keçirilən siyasətdə, layihələrdə ortaq mövqedən çıxış etməsi çox böyük önəmə malikdir. "Biz bununla regionun söz sahibinə çevrilmiş oluruq. Heç şübhəsiz ki, bu da təbii olaraq bəzilərini narahat etməyə bilməz. Çünki yerləşdiyimiz bölgə çox önəmli, çox zəngin və strateji bölgədir. Bu baxımdan, bu regionda söz sahibinə çevrilməyimiz də hələ çoxlarını narahat edəcək. Odur ki, biz iki qardaş dövlət olaraq gücümüzü, birliyimizi daha da artırmalıyıq", - Paşayeva vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti