...

Azərbaycanlı deputat azyaşlılara qarşı törədilən zorakılıq halları ilə ciddi mübarizə aparılmasının tərəfdarıdır

Siyasət Materials 5 Avqust 2009 09:04 (UTC +04:00)
“Azərbaycanda ən böyük problem ailədaxili zorakılıqla bağlıdır”, - çərşənbə axşamı Trend News-a Milli Məclisin üzvü, Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova bildirib.
Azərbaycanlı deputat azyaşlılara qarşı törədilən zorakılıq halları ilə ciddi mübarizə aparılmasının tərəfdarıdır

Azərbaycan, Bakı, 05 avqust  / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentinin üzvü azyaşlılara qarşı törədilən zorakılıq halları ilə ciddi mübarizə aparılmasının tərəfdarıdır.

"Azərbaycanda ən böyük problem ailədaxili zorakılıqla bağlıdır", - çərşənbə axşamı Trend -a Milli Məclisin üzvü, Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova bildirib.

Trend -un arayışı: Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının üzvü olan qadın millət vəkilləri Aşkın Asan və Alev Dədəgil uşaqlara qarşı cinayət törədənlərə daha ağır cəzaların verilməsi üçün xüsusi layihə hazırlayıblar. Millət vəkilləri uşaqlara qarşı cinsi təcavüz edənlərin cinsiyyət orqanlarının fəaliyyətinin tibbi preparatlar vasitəsilə sıfır nöqtəsinə endirilməsini də təklif edirlər.

Türkiyənin Cinayət Məcəlləsinə görə, azyaşlılara qarşı cinsi zorakılıq edənlər həbs olunaraq cinayət məsuliyyətinə cəlb olunur, yaxud müəyyən miqdarda cərimələnirlər.

Qadın millət vəkillərinin təklifləri qəbul olunarsa, həmin cinayəti törədənlərə cəzalarının bir hissəsini çəkəndən sonra seçim imkanı da veriləcək. Onlar ya törətdikləri cinayət əməlinə görə məhkəmənin çıxardığı hökmə görə cəzalarını həbsxanalarda çəkəcək, ya da cinsiyyət orqanının fəaliyyətinin sıfıra endirilməsini seçərək azadlıqda qalacaqlar.

Əhmədovanın sözlərinə görə, azyaşlılara qarşı törətdikləri cinsi zorakılıqların qarşısını almaq məqsədilə Azərbaycanda bunu edən şəxslərin cinsi orqanının fəaliyyətinin tamamilə dayandırılmasının tətbiqi bir qədər çətindir. "Mən bu cür cəzanın tətbiqinin humanizm baxımından düzgün olub-olmadığını deyə bilmərəm. Amma düşünürəm ki, belə cinayətlərin qarşısını almaq üçün xüsusi hallar olmalıdır", - millət vəkili əlavə edib.

Onun fikrincə, bəzən zorakılıq halları elə şəraitdə baş verir ki, zorakılıq edən şəxs affekt halında olur, yaxud zorakılığa uğrayan yeniyetmənin özünün təhrikedici xarakterli hərəkətləri buna şərait yaradır. "Məsələn, gənc qızların geyimləri, özlərini küçədə aparmaları təhrikedici hallar kimi qiymətləndirilir", - komitə sədri vurğulayıb.

Əhmədova dəfələrlə axşam saat 9-a kimi televiziyalarda yataq səhnələrinin, digər erotik səhnələrin göstərilməsinin əleyhinə çıxıb.

"Bu cür səhnələr birmənalı şəkildə azyaşlıların və yeniyetmələrin psixologiyasına mənfi təsir göstərir. Şübhəsiz ki, zorakılıq edən gənc oğlanlardırsa, burada cəmiyyətin də xüsusi rolu var. Təəssüf ki, bu gün müxtəlif televiziya kanallarında hələ də günorta saatlarında erotik səhnələri olan filmlərin nümayişi davam edir. Bəzən mənim iradlarıma cavab verənlər deyirlər ki, seriallara baxanlar oradakı müsbət məqamları özlərinə örnək götürsünlər, yaxud bilməlidirlər ki, seriallarda rast gəldikləri mənfi hərəkətləri etmək olmaz. Onlara cavab olaraq demək istəyirəm ki, azyaşlılarda şüur o qədər inkişaf etməyib ki, nəyin yaxşı, nəyin pis olduğuna özləri qərar verə bilsinlər. Ona görə ABŞ-ın və Avropa ölkələrinin təcrübəsinə əsaslanıb axşamlar müəyyən bir saata qədər ailə filmlərini nümayiş etdirmək lazımdır", - millət vəkili qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti