...

Azərbaycanın Baş Prokurorluğu Müsavat Partiyası Gənclər Təşkilatının üzvünün həbsinin səbəblərini açıqlayıb

Siyasət Materials 6 Avqust 2009 21:25 (UTC +04:00)
Azərbaycanın Baş Prokurorluğu "Hədəf" Gənclər Koalisiyasının sədrinin həbsi ilə bağlı açıqlama yayıb.
Azərbaycanın Baş Prokurorluğu Müsavat Partiyası Gənclər Təşkilatının üzvünün həbsinin səbəblərini açıqlayıb

Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Baş Prokurorluğu Müsavat Partiyası Gənclər Təşkilatının üzvünün həbsinin səbəblərini açıqlayıb

Azərbaycanın Baş Prokurorluğu "Hədəf" Gənclər Koalisiyasının sədrinin həbsi ilə bağlı açıqlama yayıb.  

"1988-ci il təvəllüdlü, orta təhsilli, Bakı şəhər sakini İbrahimov Ağasif Şakir oğlu qanuni əsas olmadan və yazılı surətdə xəbərdarlıq edilməsinə baxmayaraq 2008-ci ilin iyul, oktyabr və 2009-cu ilin yanvar, aprel aylarında Nərimanov rayon hərbi komissarlığının çağırış komissiyasına gəlməkdən imtina etməklə əsassız olaraq müddətli hərbi xidmətə çağırışdan boyun qaçırıb", - cümə axşamı Trend -a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Faktla bağlı iyunun 5də Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə cinayət işi başlanıb: "İstintaqla müəyyən edilib ki, hərbi xidmət keçməkdən boyun qaçıran İbrahimovun axtarılaraq çağırış məntəqəsinə aparılması məqsədi ilə Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən rayon Polis İdarəsi və 18-ci polis bölməsinə, həmçinin hərbi çağırışçının yaşadığı ünvana 2008-ci il avqustun 13-də, noyabrın 10-da və 2009-cu il aprelin 9-da məktub və çağırış vərəqələri göndərilib. Lakin, İbrahimovun rayon Hərbi Komissarlığına gətirilməsi mümkün olmadığından barəsində toplanmış material müvafiq tədbir görülməsi üçün mayın 7-də Nərimanov rayon prokurorluğuna göndərilib", - məlumatda qeyd edilir.

Baş Prokurorluğun məlumatında bildirilir ki, iyunun 11-də İbrahimovun prokurorluğa məcburi gətirilməsi barədə qərar qəbul edilib və icra olunması üçün 18-ci polis bölməsinə göndərilib: "İyunun 15-də bölmənin əməkdaşları onun yaşadığı ünvana gəlsələr də, mənzilin qapısını açan olmayıb. İyulun 19-da polis əməkdaşları növbəti dəfə həmin ünvana gəlib və qapının arxasından bacısı Fatma İbrahimova qardaşı Ağasifin hazırda rayonda olmasını bildirsə də, konkret olaraq hansı rayonda olması barədə ondan məlumat almaq mümkün olmayıb.

İyulun 23-də İbrahimovun Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib, lakin olduğu yer müəyyən edilmədiyinə görə barəsində axtarış elan olunub və İbrahimov istintaqdan gizləndiyi üçün cinayət işinin icraatı Cinayət-Prosessual Məcəllənin 53.1.2-ci maddəsinə əsasən dayandırılıb.

Avqustun 3-də saat 07 radələrində İbrahimov yaşadığı mənzildən çıxarkən polis əməkdaşları tərəfindən yaxalanaraq rayon prokurorluğuna gətirilib və həmin tarixdə ona vəkil Tahir Qurbanovun iştirakı ilə Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə ittiham elan olunmaqla barəsində Nərimanov rayon məhkəməsi tərəfindən 1 ay müddətində həbs qətimkan tədbiri seçilib. İstintaqın sonrakı mərhələlərində təqsirləndirilən şəxsin hüquqlarını onun xahişi ilə vəkil Bəhruz Quliyev müdafiə edib.

İstintaqın gedişində təqsirləndirilən şəxs İbrahimov və valideynləri ərizə ilə müraciət edərək təqsirini etiraf etməklə səmimi peşmançılıq çəkdiyini və gənc olmasını nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmaqla hərbi xidmətə göndərilməsini xahiş ediblər. Bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsi tərəfindən İbrahimovun həbsdən azad edilməsi barədə qərar çıxarılıb və könüllü olaraq hərbi xidmət keçmək arzusunda olması nəzərə alınaraq o, avqustun 6-da Nərimanov rayon Hərbi Komissarlığl vasitəsi ilə hərbi xidmət keçmək üçün N saylı hərbi hissəyə təhvil verilib. Ağasif İbrahimovun səmimi peşmançılıq çəkməsi və gənc olması nəzərə alınaraq şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işinin icraatına xitam verilib", - məlumatda vurğulanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti