Bakıda bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Valdis Zatlersin təkbətək görüşü olub, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Görüşdə dövlət başçıları ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluqlarını ifadə ediblər. Yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin genişlənməsinə töhfə verdiyi vurğulanıb. Azərbaycan ilə Latviya arasında əlaqələrin daha da dərinləşməsi üçün geniş potensialın olduğu bildirilib və əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Latviya Prezidenti dünən rəsmi səfərlə Azərbaycana gəlib.