Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir K.Zərbalıyeva /
Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsi cümə günü paytaxtda baş verən ağır qətl hadisəsi ilə bağlı birgə məlumat yayıb.
Trend -a daxil olan məlumatda bildirilib ki, avqustun 21-də saat 11.00 radələrində Bakı şəhəri, Əliağa Şıxlinski küçəsi, ev 51, mənzil 10-da pasport qeydiyyatında olan 1957-ci il təvəllüdlü Ələkbərov Ələsgər Mövlud oğlu yaşadığı Əzizbəyov rayonu, Buzovna qəsəbəsinin Albalılıq dayanacağı, Nəriman Əliyev küçəsində yerləşən həyət evində həyat yoldaşı - 1979-cu il təvəllüdlü Ələkbərova Jalə Rahib qızını, azyaşlı uşaqlarını - 2001-ci il təvəllüdlü Xatimə Ələkbərovanı və 2008-ci il təvəllüdlü Tapdıq Ələkbərovu bıçaqla çoxsaylı xəsarətlər yetirməklə, xüsusi amansızlıqla qəsdən öldürüb.
İlkin məlumata görə, cinayəti qısqanclıq zəminində törətmiş Ələsgər Ələkbərov həmin gün saat 16.00 radələrində Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə gələrək könüllü təslim olub və törətdiyi cinayət əməli barədə məlumat verib.
Ələkbərov barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə cinayət işi başlanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]