Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycanlı millət vəkili hesab edir ki, yeni ölkələrin nüvə silahı əldə etməsi bəşəriyyət üçün olduqca təhlükəlidir.
"Nüvə silahı bəşəriyyət üçün böyük təhlükə mənbəyidir. Şimali Koreyanın öz nüvə sınaqlarını davam etdirməsi aparıcı dövlətlər tərəfindən narahatlıqla qarşılanır. Xüsusilə, BMT səviyyəsində narahatlıq müxtəlif formalarda ifadə olunur", - Trend -un məlumatına görə, cümə günü hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyanın rəsmi saytına bildirib.
Son zamanlar Şimali Koreya nüvə sınaqlarını intensivləşdirib.
Qurbanlının sözlərinə görə, Şimali Koreyanın nüvə silahlarının modernləşdirməsi bölgə ölkələri üçün narahatlıq yaradır.
"Nüvə silahının yayılmasına qarşı mübarizə ümumbəşəri xarakter daşıyır. Azərbaycan dövləti də nüvə silahının yayılmasına qarşı mübarizəyə qoşulub. Azərbaycan nüvə enerjisindən yalnız dinc məqsədlər üçün istifadə etməyin tərəfdarıdır. Nüvə silahının əldə edilməsini təşviq etmək isə mənəvi-siyasi cəhətdən normal deyil", - millət vəkili bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]