Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir Ü.Sadıxova /
İranın ərəb dünyası ilə dialoqa başlamağa hazır olması barədə bəyanatına baxmayaraq, ekspertlər hesab edirlər ki, İran-ərəb münasibətləri onlar arasındakı ərazi və siyasi problemlər həll olunmayana kimi bərpa edilməyəcək.
İran Prezidenti Mahmud Əhmədinejad bazar ertəsi mətbuat konfransında jurnaslistlərə Tehranın ərəb ölkələri ilə danışıqlara hazır olması barədə bildirib, IRINN telekanalı xəbər verir. Əhmədinejadın sözləri ərəb ölkələrini "İran ilə dialoqa başlamağa", Tehranı isə ərəb ölkələrinin daxili işlərinə müdaxilə etməyi dayandırmağa çağıran Ərəb Dövlətləri Liqasının baş katibi Əmr Mussanın bəyanatına cavab oldu.
"Bizim (İranın) Fars körfəzinin ərəb ölkələri, Oman, Suriya, Livan, Əlcəzair ilə gözəl münasibətlərimiz var. Əmtəə dövriyyəsi də çox yüksək səviyyədədir. Lakin mən İranın güclənməsinin regionda hansı ərəb ölkəsini narahat etdiyini başa düşə bilmirəm", - Əhmədinejad bildirib.
Əhmədinejadın sözlərinə əsasən, Tehran və ərəb dünyasını hər şeydən öncə ümumi din - islam dini, həmçinin milli və regional maraqlar birləşdirir. İran tərəfindən bu münasibətlərin zəifləməsi üçün heç bir addım atılmayıb.
Əhmədinejad əmindir ki, "İranın ərəb ölkələri ilə gözəl münasibətləri düşmənin müdaxiləsinə mane olur".
Yaxın Şərqdə regional siyasətdə İranın və bir çox ərəb ölkələrinin maraqlarının ayrılmasını nəzərə alaraq ərəb ekspertləri yaxın zamanda dialoqun başlanmasına şübhə edirlər.
Iran və Birləşmiş Ərəb Əmirlikləri arasında Əbu-Mussa, Böyük və Kiçik Tumb adaların statusu mübahisələrə gətirib çıxarıb. Ərəb Ölkələri Liqası İranın bu adaları işğal etdiyi iddiası ilkə çıxış edir.
Ötən il isə İranın Ali Dini rəhbəri Əli Xameneyinin müşaviri Natiq Nuri Bəhreynin İranın bir hissəsi olduğunu bildirmişdi.
"İran ərəb ölkələri ilə həqiqətən danışıqlara başlamaq istəyirsə, o zaman ilk növbədə o işğal etdiyi ərəb torpaqlarını qaytarmalıdır", - politoloq Məhəmməd Zahid bildirib.
"İran hətta qeyri-rəsmi səviyyədə belə Bəhreynə dair iddia irəli sürübsə, bu bəyanatdan yanaşaraq ərəb ölkələri ilə dialoqa hazır olmasına inanmaq çox çətindir", - Trend -a İstanbuldan telefonla Zahid bildirib.
"İranın BƏƏ ərazilərini işğalı və Bəhreynə iddia etməsi bu ölkənin ərəb ölkələri ilə münasibətləri yaxşılaşdırmaq niyyətinin ciddiliyini şübhə altına qoyur", - türkiyəli politoloq hesab edir.
"Əl-Qüds" siyasi tədqiatlar mərkəzinin başçısı Arib əl-Rəntəvi də onunla razılaşaraq bildirib ki, İran ilk növbədə BƏƏ ilə ərazi problemlərinin həll edilməsinə hazırlığını və istəyini nümayiş etdirməlidir.
"Bunu dövlət səviyyəsində həll etmək mümkün olmasa, o zaman bu adaların İrana və ya BƏƏ-yə aid olmasını müəyyən etmək üçün beynəlxalq məhkəməyə müracitə etmək lazım gələcək", - Trend -a Ammandan telefonla əl-Rəntəvi bildirib.
ƏDL-nın baş katibinin dialoqa çağırışı mühüm addımdır, lakin əl-Rəntəvi hesab edir ki, tərəflərin danışıqlara və problemin həllinə hazır olması üçün dialoq planını açmaq və onu aydınlaşdırmaq lazımdır.
Ərazi probblemləri ilə yanaşı İran və bir çox ərəb ölkələrinin mövqeləri Yaxın Şərqdə siyasi münaqişələrin, o cümlədən İsrail-Fələstin probleminin həllində də ayrılır.
İran Fələstin məsələsini "ümumi müsəlman" problemi hesab edir və bəyan edir ki, bəzi ərəb ölkələri İsrail-HƏMAS hərbi qarşıdurmasının zəifləməsinə çalışaraq onun həlllinə ədalətsiz yanaşır, əl-Rantavi belə hesab edir.
Ərəb ölkələri hesab edirlər ki, İran həmçinin sünnilərin üstünlük təşkil etdiyi ərəb ictimaiyyətində şiələrin gücləndirilməsi siyasətini aparır.
"İran cavabında bildirir ki, bəzi ərəb ölkələri (Fars körfəzi) öz hava məkanına və ərazilərinə xarici qüvvələri buraxmaqla İranın sabitliyini və təhlükəsizliyini təhlükə altında qoyur", - əl-Rəntəvi deyir.
Lakin İran Prezidenti "ərəb dünyası ilə etibarlı əlaqələrin olduğunu" bildirib və əlavə edib ki, "İranın ərəb qonşuları ilə ticarət dövriyyəsi daima artır".
Əl-Rəntəvi hesab edir ki, vacib olan Əhmədinejadın münasibətlər barədə bildirməsi deyil, ərəb ölkələri ilə Əmirliklərlə ərazi problemləri, regionda sülh prosesinə münasibət və nəhayət, Yəmən və İraqda şiə hərəkatlarına İranın dəstəyi kimi problemlərin həlli yollarını göstərməkdir.
"Ticarət hələ heç nə demək deyil, ərəb ölkələrinin şübhələrinə necə son qoymağı müəyyənləşdirmək lazımdır, ticarət isə bunun əvəzi deyil", - "əl-Qüds" mərkəzinin rəhbəri hesab edir.
Ekspert misal gətirib: BƏƏ İranın ən böyük ticarət tərəfdaşıdır, lakin eyni zamanda ciddi ərazi iddiaları var.
Türkiyəli analitik Zahid hesab edir ki, İranın nüvə proqramı ərəb ölkələri ilə münasibətlərdə gərginlik üçün daha bir problem yaradır. Zahidin fikrincə, İranın nüvə proqramının hazırlanması ərəb ölkələrinin, xüsusilə də Misir və Səudiyyə Ərəbistanının narahatlığı üçün kifayət qədər səbəb yaradır.
Avqustda Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə ilk nüvə elektrik stansiyasının inşası barədə bildirib. Son iki il ərzində Səudiyyə Ərəbistanı, eləcə də Yəmən, Liviya, İordaniya və Misir daxil olmaqla Fars körfəzinin ərəb ölkələri nüvə proqramının inkişafına maraqlarını ifadə ediblər. Əsas məqsəd İran nüvə silahı yaradacağı təqdirdə güclü texnologiya bazasının yaradılmasıdır.
İranın nüvə proqramının sülh məqsədləri barəsində bildirməsinə baxmayaraq, Qərb ölkələri hesab edirlər ki, Tehran uranın zənginləşdirilməsini nüvə silahının yaradılmasına yönəldir.
İranın nüvə proqramı onun təsirinin Suriya, Livan və Fələstin muxtariyyətinin bəzi hissələrində yayılmasına görə ərəb ölkələrinin regionda təhlükəsizlik barədə naratlıqları üçün bəhanələrdən biri oldu. Livanın İrandan siyasi və maddi dəstək alan "Hizbullah" partiyasının Livanın cənubundakı hərbi silah anbarında partlayış zamanı havaya kimyəvi silahlar dağılıb, Küveytin "As-Siyasa" qəzeti məlumat verib.
Ona görə də bu problemlərdən çıxış edərək, əl-Rəntəvi ərəb ölkələrinin əksəriyyəti ilə İran arasında dialoqun qurulmasına şübhə edir.
"Problem ondadır ki, ərəb ölkələrinin hamısı eyni mövqe tutumur. Suriya, misal üçün, onlarla sıx əlaqələr saxlayır, eyni zamanda Səudiyyə Ərəbistanı və Misir kimi sərt mövqe tutur. İranla təbii münasibətlər qurmaq istəyən ərəb ölkələri də var", - əl-Rəntəvi deyib.
Lakin İranın Livan, İraq və Yəmənin daxili təhlıükəsizliyində rolunu, eləcə də "Həmas"a dəstəyini nəzərə alaraq, Tehranla dialoq regionda sabitliyə fayda verə bilər, İordaniyanın "əl-Ərəb əl-Yaum" qəzetinin icmalçısı Fəhmi Kutut hesab edir.
"Dialoq hər şeydən əvvəl ərəb xalqları üçün lazımdır. Ərəb ölkələri də İranın regionda maraqlarını nəzərə almalı, İran isə İraq xalqının maraqlarını və ərəb ölkələrinin mövqelərini gözləməlidir", - Kutut Trend -a deyib.
Materialın hazırlanmasında R.Hafizoğlu iştirak edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]