Red. əlav: İkinci abzasdan sonra təfərrüatlar əlavə olunub.
Azərbaycan və Qazaxıstan arasında çox möhkəm tarixi əlaqələr var, iki ölkə beynəlxalq aləmdə uğurlu qarşılıqlı fəaliyyət göstərir, ikitərəfli münasibətlər çox uğurla inkişaf edir. Həyata keçirilən konkret layihələr, həmçinin gələcəyə yaxşı perspektivlər var. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə geniş tərkibdə görüşü zamanı deyib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri oktyabrın 2-də başlayıb.
"Əminəm ki, ölkəmizə səfəriniz, qəbul edəcəyimiz qərarlar və imzalayacağımız sənədlər münasibətlərimizin inkişafı, regional əməkdaşlığın möhkəmlənməsi nəzərdə tutduqlarımızın hamısının uğurla həyata keçirilməsi üçün çox böyük praktiki əhəmiyyət kəsb edəcək. Mən çox şadam ki, Sizi böyük nümayəndə heyəti müşayiət edir, bizim tərəfdən də nümayəndə heyəti böyükdür. Əminəm ki, Sizin səfəriniz müddətində nümayəndə heyətlərinin üzvləri də qəbul edilmiş qərarların həyata keçirilməsi naminə hər bir istiqamətdə konkret addımların atılması üçün fəal işləyəcəklər", - İlham Əliyev qeyd edib.
"Biz buraya nazirliklərin və idarələrin rəhbərlərindən ibarət böyük nümayəndə heyəti ilə gəlmişik ki, ilk növbədə ölkələrimizin böhrana qarşı iş sahəsində təcrübə mübadiləsi aparaq, hələ həll edilməmiş məsələləri həll edək", - Qazaxıstan Prezidenti bildirib.
"Biz bütün zəruri əməkdaşlıq sahələrini Sizinlə ətraflı müzakirə etdik, hökumətlərarası komissiya da işlədi. İndicə mənə məruzə etdilər ki, artıq həll edilməmiş, razılaşdırılmamış heç bir məsələ qalmamışdır. Biz deməliyik ki, Qazaxıstan-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Sizinlə görüşlərimizin dinamikası buna dəlalət edir. Bu ənənənin əsası hələ Sizin atanız, mənim dostum və böyük qardaşım Heydər Əliyev tərəfindən qoyulmuşdur", - Qazaxıstan Prezidenti qeyd edib.
Onun sözlərinə görə, ölkələrimiz arasında bir anlaşılmazlıq, həll edilməmiş məsələ, siyasi problem olmayıbr. "Biz bunu bilirik, Sizin uğurlarınıza sevinirik, şadıq ki, Azərbaycan bu regionun şəksiz liderinə çevrilib", - Qazaxıstan Prezidenti bildirib.
Nursultan Nazarbayev qeyd edib ki, dörd il Bakıda olmayıb, bu gün Bakı, əlbəttə, tamamilə başqa, müasir və gözəl şəhərdir. "Mən təzə paytaxt tikmiş bir adam kimi, bunun nə demək olduğunu bilirəm. Möhtəşəm iş görülüb. Hətta təyyarədən baxanda Bakının sənaye görkəmi tamam başqadır. Sovet dövründə mən burada tez-tez olurdum, köhnə şəhərin vəziyyəti yadımdadır. Əlbəttə, köhnə şəhərin köhnə dərd-səri olur: sınıq-salxaq evlər, palçıq, his-pas... Bu gün, xüsusən mərkəzin bu cür olması bizi sevindirir və mən Sizi təbrik edirəm. Hər halda paytaxt ölkənin güzgüsüdür, ona baxıb hər şey barədə mühakimə yürüdürlər və regionlar da özlərini necə aparmağı ondan öyrənirlər", - Qazaxıstan Prezidenti bildirib.